Gənclər və idman naziri federasiya nümayəndələri ilə görüşüb

  • By ilhame
  • 06 Noyabr 2023 22:47

Noyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 11-ci görüşü keçirilib.

Gununsesi.info-nun məlumatına görə, Şəki Olimpiya İdman Kompleksində baş tutan tədbirdə nazir son iki ay ərzində qazanılan idman uğurları münasibətilə federasiyaları təbrik edib və yeni uğurlar arzulayıb.

Ənənəyə uyğun olaraq, hər iki aydan bir keçirilən görüş ikinci dəfədir ki, paytaxtdan kənarda təşkil edilir. Fərid Qayıbov qeyd edib ki, görüşlərin Olimpiya İdman Komplekslərində keçirilməsi həm federasiya nümayəndələrinin bölgələrdə öz idman növlərinin fəaliyyətini yaxından izləmək, həm də komplekslərin imkanları ilə yerində tanış olmaq baxımından faydalı olar.

İclasın gündəliyinə əsasən, 2024-cü il üçün “Ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı Texniki Reqlament”ə uyğun olaraq nümunəvi əsasnamə haqqında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları haqqında təqdimat dinlənilib. Görüşdə həmçinin federasiyaların Mərkəzləşdirilmiş Reyestr sistemində cari vəziyyəti və tibbi məsələlər, regionlarda keçirilən turnirlər, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq və digər mövzularda fikir mübadiləsi aparılıb, idman federasiyalarının sosial media fəaliyyətləri haqqında məlumat verilib.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Gununsesi.info