“Gənclərin ekoloji təhsili” adlı layihə uğurla icra olunur

  • By admin
  • 13 Dekabr 2017 16:10

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi  10-cu qrant müsabiqəsinin qalibi  Humay Cəfərovanın rəhbərliyi ilə  “Gənclərin  ekoloji  təhsili” adlı  layihə icra olunur. 

Gununsesi.info xəbər verir ki, layihə haqqında məlumat verən Humay Cəfərova bildirib ki, ilk dəfədir belə bir müsabiqədə qalib gəlib layihəyə rəhbərlik edirəm. Layihənin məqsədi gənclərin ekoloji  təhsilinin artırılmasına dəstək olmaqla cəmiyyətin diqqətini təmiz ekoloji mühitlə bağlı problemlərin həllinə  yönəltməkdir.

Dünyanın əksər ekoloqları hesab edir ki, əhalinin ekoloji təhlükəsizliyinin təmin olunması üzrə hiss olunacaq pozitiv nəticələrə yalnız  dövlətin, ictimai təşkilatların,  fəal ictimai    vətəndaşların birgə səyi ilə ekoloji təhsili yüksəltməklə  nail olmaq mümkündür. Müasir  dövrün elmi mənzərəsinin dünyagörüşü və aspektləri ekoloji təhsilin inkişafından çox asılı olduğu səbəbindən bu mövzuya müraciət etmişəm.

Hazırda ətraf mühitin ekoloji vəziyyəti cəmiyyətdə haqlı narahatlıqlar doğurur. Yeni reallığın çağırışına ən layiqli cavab dünyanın yeni elmi mənzərəsinin təşəkkülü kontekstində ekoloji təhsilin inkişafıdır. Çünki ekologiya dünyanın elmi mənzərəsinin lideri kimi təşəkkül tapmaqdadır, ekoloji təhsil isə bütövlükdə təhsilə münasibətdə önəmli və sistem yaradıcı rol oynamaqdadır.  Bəzən gənclər ekoloji problemlərin yaratdığı fəsadlardan ciddi əziyyət çəkirlər. Bunun səbəbi isə onların ekoloji mühitdə baş verənlərin səbəbləri və acı nəticələri barədə kifayət qədər məlumatlı olmamalarıdır.

Tədbirlərimiz zamanı gənclərin müzakirə olunan mövzuya sonsuz marağı, diskussiyalarda  aktiv iştirakı, ekoloji  təhsilin təbliği ilə bağlı təklif və təşəbbüsləri problemin aktual olduğunu təsdiq edir.   Hər bir problemin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulmasının böyük önəm daşıdığını nəzərə alaraq, gənclərin  ekoloji  təhsilinin  təbliq olunması   məqsədilə  bu layihəni təklif etmişəm. Bizim layihə çərçivəsində  hədəfimiz  həm də, ekoloji mədəniyyəti formalaşmış,  sağlam  ekoloji düşüncə prinsiplərinə yiyələnmiş,  ətraf mühitdə baş verən  təbiət hadisələrinin qarşılıqlı əlaqəsini  dərk edən, öz ekoloji davranışına görə cəmiyyət   qarşısında məsuliyyət hissinə malik olan    gənclərin  artmasına dəstək olmaqdır.

Gununsesi.info