Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib.
Nümayəndə heyəti iyunun 28-də Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyə Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclasına qatılıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilk olaraq Ankara şəhərində Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfekçi ilə görüşüb.
Bülent Tüfekçi son illər iki ölkə arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin bu sahədəki əməkdaşlığı daha da gücləndirdiyi, Azərbaycan ilə əlaqələrə xüsusi önəm verildiyi, gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.

Ümumdünya Gömrük Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi çoxtərəfli platformalarda Azərbaycanın dəstəyini hər zaman hiss etdiklərini söyləyən Bülent Tüfekçi Türkiyə və Azərbaycan arasında olan əməkdaşlığı hər şeydən öncə dostluq və qardaşlıq nümunəsi adlandırıb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ilk olaraq Türkiyədə növbədənkənar prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb, qardaş ölkənin xalqına daha yüksək inkişaf və firavanlıq arzulayıb.
Vurğulanıb ki, Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinin bəlli olması zamanı ilk təbriki Azərbaycan dövlət başçısının səsləndirməsi ölkələrimizin dostluğunun və qardaşlığının bariz göstəricisidir.
Səfər Mehdiyev qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xətt bu gün iki ölkənin dövlət başçıları tərəfindən uğurla inkişaf etdirilir və strateji tərəfdaşlığın dərinləşməsinə nail olunub. Məhz iki ölkə rəhbərinin birgə səyləri nəticəsində, eləcə də tarixi bağlılıq və bugünkü reallıq baxımından dünya miqyasında Azərbaycan ilə Türkiyə bir-birinə ən yaxın və qardaş ölkələrdir.
Azərbaycan və Türkiyə gömrük orqanları arasında əlaqələrə gəlincə, Səfər Mehdiyev əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib. Eyni zamanda, Azərbaycan Gömrük Xidmətində risklərin idarə olunması ilə bağlı Türkiyə təcrübəsinin öyrənilməsinin bu sahədə nailiyyətlərin əldə edilməsinə kömək göstərdiyi bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.













