Görkəmli hüquqşünaslar Rüfət Səfərova işgəncələrdən narahatdır -PREZİDENTƏ MÜRACİƏT

  • By admin
  • 21 Yanvar 2017 23:29

 

Rufet-sefer

 

Azərbaycanın bir neçə görkəmli hüquqşünasları Mətləb Mütəllimli, Bəhruz Bayramov, Namizəd Səfərov,  Müzəffər Baxış,  Qurban Məmmədov və Ataxan Əbilov hazırda günahsız yerə cəza çəkən sabiq müstəntiq Rüfət Səfərovla bağlı ölkə başçısına müraciət ünvanlayıb. Gununsesi.info-nun xəbərinə görə, müraciətin bir surətini də baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova, Korrupsiyaya qarşı Mübarizə Baş İdarənin sədri Kamran Əliyevə , habelə Beynəlxalq təşkilatlara, xarici ölkə səfirliklərinə də yollayan müəlliflər diqqəti Rüfət Səfərovun qanunsuz həbsi və cəzaçəkmə müəssisəsində üzləşdiyi qanunsuzluqlara yönəldib.

Müraciətdə deyilir:

Biz, Hüquqşunaslar qrupunun üzvləri, siyasi baxışlarına görə həbs edilən və 9 il azadlıqdan məhrum edilmiş prokurorluğun sabiq müstəntiqi Rüfət Səfərovla bağlı ciddi narahatlıq hissi ilə bəyan edirik ki, ona qarşı psixoloji təzyiqlər, işgəncələr sistemli formada indi də davam etməkdədir. Belə ki, 9 saylı cəzaçəkmə müəssisəsinə qısa müddətdə gətirilməsinə baxmayaraq heç bir qanuni əsas olmadan ona töhmət elan edilmiş, daha sonra isə,7 gün cərimə tədricxanasına, yəni, karsa salınmışdır. Bu xəbəri eşidən Hüquqşunaslar qrupun 2 nəfər üzvü dərhal,19 fevral 2017-ci ildə 9 saylı cəzaçəkmə müəssisəsinə gedərək rəhbərliklə görüşmüşdür.Müəssisənin rəisi məzuniyyətdə olduğundan ,onun müavini Azər Seyidov qrup üzvlərini qəbul etmiş, onları narahat edən sualları ətraflı cavablandırmışdır. Söhbətdən məlum olmuşdur ki, R.Səfərovun cəzalandırılmasının əsas səbəbi -müəssisə əməkdaşının günahı nəticəsində baş vermiş mübahisə olmuşdur. Belə ki, müəssisənin əməkdaşı R.Səfərova qarşı qəsdən kobudluğa yol vermiş, onun şəxsiyyətini alçaldan ifadələr işlətmişdir ki, bu da ciddi narazılığına səbəb olmuşdur. Müəssisənin rəhbərliyi daxili intizam qaydalarını kobud formada pozan, məhkumu aşağılayan ifadələr işlətdiyinə görə əməkdaşını cəzalandırmaq əvəzinə R.Səfərovu cəzalandırmışdır. Bundan əvvəl də R.Səfərova qarşı özbaşınalıq edilmiş, müəssisənin səlahiyyət sahibləri məhkuma gətirilmiş sovqatı ,eləcə də qış paltarını qəbul etməkdən imtina etmişlər. R.Səfərovun səhhətində problemlər olduğundan, anası , heç olmasa, oğlunun xahişi ilə gətirdiyi qış paltarlarını ona verməyi xahiş etmişdir. Lakin, müəssisənin rəhbərliyi yenə qeyri-insani hərəkət edərək bu xahişi də rədd etmiş, məhkumun səhhətinə pis təsir edəcək növbəti addımı ataraq onu qış vaxtı isti paltarsız saxlamaqla işgəncəyə məruz qoymuşdur. Biz,hüquqşunaslar qrupunun üzvləri tam məsuliyyəti ilə bildiririk ki, cəzaçəkmə müəssisəsində olduğu ilk gündən R.Səfərovun təzyiqlərlə üzləşməsi , çox qısa zamanda ardıcıl olaraq əsassız cəzalandırılması düşünülmüş planın tərkib hissəsidir. Müəssisəyə daxil olduğu ilk gündən eplepsiya xəstəsi, ruhi xəstəlikdən əziyyət çəkən məhkumla eyni kameraya salınması, bunun da nəticəsində psixoloji sarsıntı keçirmiş R.Səfərovun səhhətində, əsəblərində ciddi fəsadlar yaratmışdır. Eplepsiya xəstəliyinin ağır formasından əziyyət çəkən məhkumun müalicə müəssisəsinə göndərilməsi əvəzinə sağlam məhkumlarla eyni kamerada saxlanması da faktiki psixoloji işgəncə hesab edilməlidir və məhkuma təzyiq vasitəsidir . Belə yolverilməz təziqlərin də əsas məqsədi –bu rejimin qanuna zidd hərəkətlərinə, cəmiyyətdə insanların hüquqlarının kütləvi formada pozulmasına, eləcə də, prokurorluqda baş verən qanunsuz hərəkətlərə etiraz olaraq prokurorluq sistemindən istefa vermiş R.Səfərovun iradəsini sındırmaq, bütün vasitələrlə onu əqidəsindən döndərməyə cəhddir. Hamıya məlumdur ki, bütün cəzaçəkmə müəssisələrində, eləcə də, 9 saylı cəzaçəkmə müəssisəsində məhkumlara qarşı özbaşınalıqlar törədilir və onların hüquqlarının mütəmadi pozulması adi hala çevrilmişdir. Belə ki , uzun illərdir məhkumlara ayrılmış küllü miqdarda dövlət vəsaitləri mənimsənilir, məhkumlar normal qidalanmaqdan məhrum edilir, onların qohumlarla görüşləri, bir qayda olaraq , pul müqabilində həyata keçirilir, bir sözlə, cəzaçəkmə yerlərində hər şey pulla ölçülür. Görünür, bu sahəyə nəzarət etməyə borclu olan penitensiar xidmətinin, ədliyyə nazirliyinin, prokurorluğun rəhbərləri şəxsi maraqları naminə mövcud qanunsuzluqlara göz yumur, bununla da hər il dövlət büdcəsindən ayrılan vəsaitlər talan edilir, məhkumların beynəlxalq hüquq normaları ilə tənzimlənən hüquqlarının mütəmadi pozulmasına şərait yaradırlar. Biz, hüquqşunaslar qrupunun üzvləri- Azərbaycanın Respublikasının tarixində ilk dəfə olaraq qanunsuzluqlara etiraz əlaməti olaraq prokuroqluq orqanlarından istefa verdiyinə görə həbs edilən R.Səfərova qarşı aparılan tam əsassız,çirkin cəzalandırma kampaniyasını qətiyyətlə pisləyir, bu sahəyə birbaşa cavabdeh olan vəzifəli şəxslərdən ona qarşı təzyiqlərə son qoymağı tələb edirik. Eyni zamanda, xarici ölkələrin səfirlərini, beynəlxalq təşkilatların rəhbərlərini, xüsusən də, BMT-nin, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyini ölkəni “siyasi məhbuslar ölkəsi”nə çevirən mövcud hakimiyyətin fundamental insan hüquq və azadlıqlığı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməsinə təsir göstərməyə çağırırıq.

ruf