Gözlənilən bir qətlin tarixçəsi

Qan Turalı yazır…

Meyxanaçı Rəşad Dağlının qətl törətməsi xəbəri acı bir təəssüf doğurur. Könüllü şəkildə polisə təslim olan Rəşad Dağlının əməli təsdiqlənərsə, onu 9 ildən 14 ilə qədər, iş üzrə bağlı xüsusi hallar ortaya çıxarsa isə, daha böyük cəza gözləyir. Prosesin bundan sonrakı mərhələsi hüquq-mühafizə orqanlarının və məhkəmənin səlahiyyətindədir.

Ancaq bu prosesdə ən təhlükəli olan məsələnin ictimai tərəfidir. Xüsusilə, yeniyetmələr arasında populyar olan, mahnıları milyonlar tərəfindən dinlənilən populyar bir personanın qətl törətməsi qəsdən adam öldürmə kimi böyük bir cinayət hadisəsini adiləşdirir. Zorakılıq səhnələri olan filmlərə yaş senzurası tətbiq edildiyi halda Azərbaycanda az qala hamının tanıdığı bir şəxs qətl törədir və bu da əlbəttə ki, yeniyetmələrin, gənclərin ovqatına, onların tərbiyəsinə, təfəkkür və təsəvvürlərinə dağıdıcı bir təsir göstərir.

Əlbəttə ki, cinayətin motivləri, baş vermə səbəbləri, şəraiti və törədilmə şəkli kimi mühüm məqamlar ibtidai istintaq və məhkəmə araşdırması nəticəsində aydınlaşacaq. Ancaq mediada yayılan versiyaya – söyüşə görə qətlin törədilməsi dəhşət və qorxu doğurur. Bu qətl bu situasiyalarda olan qətlləri də adiləşdirir.

Belə hadisədən sonra tez təsirə düşən, həyatı yaxşı dərk edə bilməyən yeniyetmələr söyüşün qətl səbəbi olmasına inanacaqlar. Halbuki, söyüş qətl səbəbi ola bilməz. Söyüşə görə qətldə nə yüngülləşdirici hal tətbiq olunur, nə də söyüş cinayətə təhrik etmə kimi qiymətləndirilir. Qəsdən adam öldürmə cinayətində söyüş heç bir halda cinayətə haqq qazandıra və ya cəzanı yüngülləşdirə bilməz. Ancaq bu qətldən sonra bütün bunları yeniyetmələrə izah etmək heç də asan olmayacaq.

Məsələnin bir digər tərəfi də meyxana ilə bağlı olan müzakirələrin yeni bir platformaya daşınmasıdır. Meyxana haqqında fikirlərim Oxu.Az-da dərc edilən “Meyxananın özü cinayətdir” məqaləmdə yazdığım üçün təkrarçılıq etmirəm. Sadəcə olaraq, meyxananın ictimai şüurda oynadığı qorxunc roldan danışmaq istəyirəm.

Diqqət edin, neçə meyxanaçı narkotik asılılığından dünyasını dəyişib? Bunlar göz önündə olan, meyxanalarına yüz minlərlə adamın qulaq asdığı insanlardır. Bu hallar narkotikin təbliğatı deyilmi? Dəhşətli bir sosial bəla olan narkomaniyanın adiləşməsi deyilmi?

Qətl törətmə aktı da meyxanaçılar arasında yeni bir tendensiya deyil. Bu, daha əvvəllər də baş vermişdi. Və biz bir sual qarşısında dayanırıq: Bütün bu neqativ, cəmiyyətin gələcəyini təhdid edən narkomaniya, qəsdən adam öldürmə cinayətləri, eləcə də cinayətkar dünyaya heyranlıq duyma, cinayətkarı və cinayəti təbliğ və tərənnüm etmə kimi dəhşətli hadisələr niyə meyxanaçıların əməllərində üzə çıxır?

Bəziləri, qüsurlu bir fikir yürütmə ilə tutaq ki, fizika müəlliminin də narkoman olacağını, ya da qətl törədəcəyini deyə bilərlər. Ancaq bu qətlin fizika ilə, Eynşteyn və Heyzenberq ilə heç bir əlaqəsi yoxdur. Ancaq meyxana bütün hallarda hər cür zorakılığı təbliğ edir. İki yetkinlik yaşına çatmış şəxsin yüzlərlə adamın qarşısında bir-birini təhqir etməsi, bir-birinin nənələrini erotik sözlərlə yad etməsi, dinləyicilərin onları ilhamlandırıb söyüşlərin dozasını artırması hansı mənəvi ideallara xidmət edə bilər? İnsanların bir-birini alçaltmasına heyran qalan bir yeniyetməyə insan ləyaqətinin, insan şəxsiyyətinin ən ali bir dəyər olduğunu necə izah etmək olar? Cinayət törətmiş bir şəxsin “avtoritet”, “vor v zakone”, “oğru” adı ilə tərənnüm edilməsini necə sakit qarşılamaq olar?

Bəli, meyxana birbaşa cinayət səbəbi deyil. Ancaq meyxana dəhşətli bir nadanlıq mühitinin məhsuludur. Hər cür pis əməl də elə nadanlıqdan törəyir.

Cəlil Məmmədquluzadə “Xatiratım” adlı memuarına bu cümlə ilə başlayırdı: “Gözümü açıb dünyanı qaranlıq görmüşəm”. Bu qaranlıqdan hər şey çıxır: Narkomaniya, dini fundamentalizm, qəsdən adam öldürmə, qadın cinayətləri, ailədaxili zorakılıq, təcavüz… Hər şey…

Meyxana da qaranlığın övladıdır.

Gununsesi.info