Gürcülər “Mişa”ya niyə nifrət edir ? - TBİLİSİ - 2-Cİ HİSSƏ Reportaj (FOTOLAR)

  • By admin
  • 03 İyun 2016 11:50

 ? Tbilisi

 

Çili şairi Pablo Neruda Gürcüstanda yaşasaydı, bəlkə də Kür qırağında oturub eyni sözləri bu ölkə haqda yazardı:

–  Gecə öz-özümə soruşuram
Çili hara gedir?
Necə olacaq mənim yoxsul, yoxsul, qaranlıq yurdum?

Tbilisi 5

…Tbilisinin siyasi ab-havası təbiətinə adekvatdır: külək əsir, bulud dolur, yağış yağır, sonra gün çıxır və yenə külək əsir, yağış yağır, gün çıxır. Gecəsi-gündüzü belədir bu şəhərin. Adamın ovqatına təsir edir. Gah darıxırsan, gah eynin açılır, gah da qəribsəyirsən.

 

Tbilisi 1

 

***

Gürcüstan müstəqillik gününü NATO tanklarının əhatəsində qeyd elədi. Bu tanklardan qabaq – 2008-ci ildə rus tankları ölkədə idi. O gün – bu gün ölkənin tanksız günü yoxdur. Ya rus, ya NATO öz tanklarının lüləsini bir-birinə əzələ nümayiş etdirmək üçün Gürcüstanı arsenal seçiblər.

O günə kimi Tbilisinin siyasi ab-havası indiki təbiətinə uyğun deyildi. Bir bayraq əsirdi – Saakaşvilinin Qərb küləyi istiqamətində.

Və bu rüzgar gürcü xalqına baha başa gəldi. Şimal küləyinin səmti Abxaziya və Cənubi Osetiyanı ağuşuna aldı. Bu itki “Mişa”nı sona qədər xalqın Yusif Sərracı olmağa qoymadı…

 

Tbilisi 7

 

***

“İndiki hökumət siyasəti pis bilmir. Nə Rusiyanı, nə Amerikanı qıcıqlandırır. Saakaşvili az qala Tbilisini də işğal etdirəcəkdi. Biz demokratiya havasını udmamış, ciyərlərimizə işğalın karbonunu çəkməyə başladıq.

Belə radikal və birtərəfli xarici siyasət kimə lazımıydı, bilmirəm. Amma çox getməzdi. Sən “qulağının dibindəki” əbədi qonşunu görmürsən, amma İvanişvili görür. İndi Sakaaşvili Gürcüstan üçün Abxaziya kimi problem qoyub gedib.

Sanki bu adam təyinatlı diplomatdır, burdakı işi qurtarıb, Ukraynanı ağ günə çıxarmaq istəyir”, – lori dildə danışan taksi sürücüsü Georgi ilə söhbətimizi yazı dilinə çevirsək, onun düşüncələri təxminən bu sətirlərdən ibarətdir.

Georgi deyir ki, indi Tbilisinin siyasi ab-havası təbiəti ilə çulğalaşır. Yəni, mövcud iqtidar Rusiya və ABŞ siyasətində balansı qorumağı bacarır: külək əsir, bulud dolur, yağış yağır, sonra gün çıxır və yenə külək əsir, yağış yağır, gün çıxır…

Ailəsini gecə-gündüz turist daşımaqla dolandıran şofer Georgi danışır ki, ancaq burada yağış da, gün də Gürcüstandır. Bu ölkənin işi hər iki qara buludun başı üstündə dayanmasından qurtulmaqdır – azad vətən arzusu. Tbilisililər isə Osetiyaya gedə bilmir, rus tankları var, müstəqillik gününü qeyd edirlər – NATO tankları var…

 

Tbilisi 3

 

****

Şəhərdə aşağılar da, yuxarılar da daha “Mişa”nı sevmirlər. Ona görə yox ki Gürcüstana pislik edib. Yox, əksinə, rüşvət, töycü, bac, xərac, süründürməçilik, talançılıq, bürokratik əngəllər, məmur özbaşınalığı kimi ölkənin ağır problemlərini aşağılarda aradan qaldırıb.

İnsafən, İvanişvili klanı da Sakaaşvilinin qurduğu iqtisadi sistemin cızığından çıxmayıb, islahatlar ləng getsə də, hazırkı hakimiyyətin Şvardandze idarəçiliyinə qayıtmaması alqışlanmalıdır.

Amma “Mişa”nın yanlışları onu xalqın gözündən salıb: demokratın ailə biznesi, yuxarı eşelonda korrupsiya, illərlə korrupsiyalaşmış, kriminallaşmış, cəzasız mühitdə yaşamağa vərdiş etmiş toplumu qəfildən dəyişmək istəkləri…

 

Tbilisi 4

***

Bu da əsas deyil, daha sonra – elm-təhsil sahəsinə aid islahatlar Gürcüstan elmində kök salan insanları çıxdaş edirdi, köhnələrlə yenilərin savaşı,  ordu, polis, məhkəmə sistemində də “atalar-oğullar” gərginliyi Saakaşvilinin tələskən, kəmhövsələ siyasətində onu ölkə ilə üz-üzə qoydu.

Gürcü burjua-oliqarxiyasının mülklərini dövlət mülkiyyətinə keçirmək də “Mişa”nı ağır tonnajlı siniflər, klanlarla qarşı-qarşıya qoymuşdu.

Sürücü Georgi deyir ki, bütün bunların yekununda xalq həmin siyasətə tam hazır deyildi. Orduda, polisdə, təhsildə, tibbdə, sosial həyatda rüşvət yox(dur) idi. Lakin çiçəklənən korrupsiya idi.

Ölkənin iqtisadi həyatından siyasi gününə gəlincə, “Rustavi-2” kanalı, bir neçə radio, hakimiyyəti sərt tənqid edən qəzet Saakaşvili dönəmində bağlanıb.

Gürcüstan Baş Prokurorluğunun istintaq materiallarında yazılıb ki, keçmiş dövlət başçısı 2007-ci il, noyabrın 7-də dinc aksiyanın zorakılıqla dağıdılmasına, “İmedi” telekanalının, eləcə də biznesmen Badri Patarkatsşvilinin əmlakının qanunsuz mənimsənilməsinə göstəriş verib. İstintaq materiallarına son əlavələr isə dövlət büdcəsinin talanması ilə bağlıdır.

Prokurorluq iddia edir ki, prezidentliyi dönəmində Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 8 milyon dollar büdcə vəsaitini talayıb. 10 ilə cəmi 5 milyon dollar. Saakaşvilini 8 ilədək həbs gözləyir.

…“Mişa” daha artığını edə bilməzdi. İqtidarda qalmaq hərisliyi olsaydı, indikindən daha böyük nifrət qazanmışdı.

Və taksidən düşəndə Georgi xudahafizləşir: “Brat, sizdə aşağılar da, yuxarılar da rüşvət alır, amma pulunuz var. Bizdə rüşvət almırlar, ancaq pulumuz da yoxdur. Da svidaniya…”

Beləcə, tbilisililər Osetiyaya gedə bilmir, rus tankları var, müstəqillik gününü qeyd edirlər, NATO tankları var…

Nerudasayağı – necə olacaq mənim yoxsul, qaranlıq yurdum?

 

Tbilisi 25

Emil Salamoğlu 

Tiflis-Bakı

Xüsusi olaraq Gununsesi.info üçün