Həbsdə olan MTN generalı: “HAZIRDA BANKA BORCUM VAR”

  • Müəllif: admin
  • 26 Fevral 2018 17:24

MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyev yenidən məhkəmə qarşısına çıxarılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilmiş Elçin Quliyev bu hökmdən apellyasiya şikayəti verib və  fevralın 26-da Bakı Apellyasiya Məhkəməsində həmin şikayət üzrə məhkəmə baxışı keçirilib.

Gununsesi.info xəbər verir ki, Elçin Quliyev məhkəməsinin qapalı keçirilməsini istəyib. Onun vəkili Ziyad Abbaszadə bu haqda vəvəsatət qaldırıb. Bildirib ki, bu işdə dövlət sirri təşkil edən faktlar var. Onun sözlərinə görə, birinci  instansiya məhkəməsi bir çox məsələləri araşdırmayıb: “Proses qapalı olarsa Elçin Quliyev bu məsələrə toxunacaq”.

Agenturaya və bir sıra əməliyyatlara ayrılan vəsaitin təxminən 7 milyonunun mənimsənilməsinə görə də Elçin Quliyevə ittiham verilib. Vəkil bu  məsələyə də toxunub: “Pulların ayrılması ilə bağlı, həmin sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri var. Bu işlə bağlı heç bir araşdırılma aparmadan Elçin Quliyevə 7 milyon 300 min manat mənimsəmə ittiham verilib. Xahiş edirik, bu məsələ aradırılması ilə bağlı eskpertiza təyin edilsin”.

Elçin Quliyev də bu məsələyə münasibət  bildirib. Deyib  ki, heç kim odan hansı agentə nə qədər pul verdiyini soruşmayıb: “Pulların verilməsi ilə bağlı Maliyyə İdarəsinin xəbəri olmayıb. Çünki mənim səlahiyyətimdə olan agentimi heç kim tanımayıb. Həmin adamı burda nə sizə deyə bilərəm, nə də başqasına. Bir indiki DTX-nın rəhbər şəxslərinə adları verə bilərəm. Çünki nazirlikdə hərənin öz agenti olub. Mərhum İlqar Əliyevin öz agenti olub, nazirin və yaxud nazir müavininin öz agentləri… Hər kəs də öz agentini özü tanıyıb.

Mənə 7 milyon 300 min pul mənimsəməyə görə ittiham  verilib. Hanı o pul? Mənim o boyda pulum olsaydı, indi obyektlərim, villalarım, bağlarım olardı. Amma mənim  banka da borcum var…”

Elçin Quliyevin vəkilinin vəsatətləri baxılmamış  saxlanılıb.

Məhkəmə martın 15-də davam edəcək.

Gülər

Gununsesi.info