Həkim hökumətə səsləndi: - Yeməyimizin vaxtını gecikdirəndə mədəmiz sıyrılır, internetimiz, işığımız, qazımız, suyumuz olmayanda çox narahat oluruq

  • By admin
  • 15 Fevral 2023 20:11

“Mən həkiməm. Ölkəsindən, dinindən, dilindən, millətindən, cinsindən, yaşından və s. asılı olmayaraq mütərəqqi qanunlarla insan sağlamlığının qorunmasının dünyada bir nömrəli prioritet məsələ olduğunu birmənalı və qərəzsiz qəbul edirəm. Bu postu heç kimsənin təsiri, o cümlədən heç xahişi belə olmadan vicdanımın səsinə qulaq asaraq yazıram. Uzun müddət ac və psixoloji basqı altında qalmaq insan orqanizmində çox ciddi və hətta geriyə dönməz dəyişikliklər xüsusən baş beyində sinir hüceyrələrinin bir qisminin ölümünə və ciddi sinir-psixoloji xəstəliklərə səbəb ola bilər. Bir söz var, deyir ki, acını hiss edən canlıdır, başqasının acısını hiss edən isə insandır”.

 

Gununsesi.info xəbər verir ki, bunu həkim Aydın Əliyev özünün sosial şəbəkə hesabında yazıb.

Bəxtiyar Hacıyevə azadlıq tələb edən həkim daha sonra əlavə edir:

 

İstəyirəm hamı bir anlıq öz üzərində bunu hiss etsin: yeməyimizin vaxtını biraz gecikdirəndə mədəmiz sıyrılır, çox narahat oluruq, internetimiz, işığımız, qazımız, suyumuz 1 saat olmayanda, əynimizdəki paltarı bur gün dəyişməyəndə çox narahat oluruq, sanki dünyanın sonudur, əsəbləşirik, bütün həyat düzənimiz alt-üst olur. O ki, qala dünyanın ən nüfuzlu universitetlərindən olan Harvardı bitirmiş, dünyanın ən bilgili, təcrübəli insanları ilə ən müxtəlif səviyyələrdə görüşüb fikir mübadiləsi aparmış, dünyanın gəliş-gedişindən xəbərdar olan bir insanın 37 gün ac və psixoloji basqı altında yaşamağa məcbur edilməsi və ya bu yuxarıda sadalananların heç birinə malik olmayan təhsilsiz birinin haqsızlığa məruz qalması, fərqi yoxdur insandır sonunda. İnsan bunu düşünəndə belə vahimələnir nəinki yaşasa. Bu gün bu adamı azad etsələr belə hələ onun “özünə gələ” bilib-bilməyəcəyi sual altındadır.

Bir insana bu qədər əzab vermək və bu prosesi kənardan seyrici və tamaşaçı kimi izləmək insan olanın qəlbini sızlatmırsa sözün bitdiyi və dünyanın pis bir hala gəldiyi yerin daha bir pis nümunəsidir. Mən bir həkim və azdan-çoxdan xalqını düşünən bir ziyalı olaraq hökuməti Bəxtiyar Hacıyevi və onun timsalında digər aclıq edən və etməyən siyasi məhbusları azad etməyə səsləyirəm!

Birisi sizi tənqid edirsə, ona belə yanaşmaq olmaz! Tənqid inkişafın ən vacib tətiklərindən biridir.

Həyatda bumeranq effekti deyilən bir nəsnənin də olduğunu unutmayaq.

 

Mais

Gununsesi.info