“Həmin zavodun Şəkidə açılması nəzərdə tutulduğu halda, Balakənə dəyişdirilməsi başadüşülən deyil” - ƏLİ MƏSİMLİ

  • By admin
  • 03 İyul 2020 18:08
Əli Məsimli
Milli məclisin deputatı, iqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri 
 
Baramaçılığın inkişaf perspektivləri haqqında
Azərbaycanda 1500 ildən çox tarixi olan ipəkçilik indi də inkişafı davam edən sahələrdən biridir. XX əsrin sonlarında SSRİ-də ipək istehsalının 15 faizi Şəkinin payına düşürdü. Ötən əsrin 70-80-ci illərində 5-6 min ton yaş barama və ondan 350-400 ton xam ipək istehsal olunub. 150 mindən artıq kəndli ailəsi ipək qurdunun bəslənməsi və barama istehsalı ilə məşğul olub. Şəki İpək kombinatında isə 7 min nəfərə yaxın daimi işçi çalışıb. Kombinat SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərib. Azərbaycan ipək istehsalına görə SSRİ-də ikinci, məhsulun keyfiyyətinə görə isə birinci yerdə olub. Amma ənənəvi əlaqələrin qırılması və yeni şəraitə uyğunlaşma prosesinin ləng getməsi bu sahəyə də təsirsiz ötüşmədi. Nəticədə 100 minlərlə insanın əsas gəlir mənbəyi olan ipəkçilik ölkədə tənəzzül etdi.
Son illər Azərbaycanda Şəki ipəyinin şöhrətini qaytaraq istiqamətində çox ciddi işlərin həyata keçirilməsinə başlanıb. 2016-cı ilin sentyabr ayının 15-də Prezident cənab İlham Əliyev Azərbaycanda ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında Sərəncam imzalamışdır. Əsas məqsəd ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini və barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq, bu sahəyə marağını gücləndirmək və sosial rifahını yaxşılaşdırmaqdır. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün DÖVLƏT PROQRAMI” qəbul edilib. Baramaçılğın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına Çin Xalq Respublikasından son üç ildə 3,5 milyon ədəd calaq olunmuş məhsuldar tut (çəkil) tingləri tədarük edilərək bölgü əsasında respublikanın 38 rayonunda 350 hektar sahədə Çin texnologiyası ilə əkilib.Yaş baramanın hərkilosuna görə 5 manat hesabı ilə 2018-ci ildə 2,5 milyon manat, 2019-cu ildə isə 3,2 milyon manat subsidiya verilib. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə barama istehsalı 2015-ci ildəki 236 kiloqramdan 2019-cu ildə 644 tona çatdırılmış və ya 273 dəfə artmışdır. Bu il 700 ton, gələn il-800 ton, 2025-ci ildə isə 6 min ton yaş barama istehsalı proqnozlşdırılıb. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkəmizdə də qeyri neft sektoruna diqqəti xeyli artırıb. Şəki İpək kombinatı də bu cür diqqət ayrılan sahələrdəndir. Bu sahənin dirçəldilməsi üçün hazırlanan xüsusi konsepsiyaya görə hazırda “Şəki-İpək” ASC-in tam istehsal gücü ilə xam ipək istehsal etməsi üçün ildə 650-700 ton quru barama tələb olunur ki, bu da təxminən 2000 ton yaş barama deməkdir. Bu 50-60 min kəndli-fermer ailəsinin mövsümi işlə, “Şəki-İpək” ASC-də 1000-1200 nəfərin daimi işlə təmin olunmasına imkan verər.
Lakin bu il barama istehsalı ilə bağlı ciddi problemlər yaşanmaqdadır. Belə ki, kümçülüklə məşğul olan vətəndaşların müraciətləri, habelə apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, ölkəmizin 40 rayonunda fəaliyyət göstərən kümçülərə paylanılmış tut ipəkqurdu toxumlarında yol veriləndən (yol verilən həd 4-5% civarındadır) daha çox təlafat qeydə alınmışdır (ölkə üzrə ilkin məlumatlara əsasən 40% -ə yaxın ipək qurdu tələf olmuşdur). Ən çox təlafat dağətəyi zonalarda yerləşən rayonlarda – İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonunda qeydə alınmışdır. Bu mövsümdə kümcülərə paylanan ipəkqurdu toxumunun 450 kq Çin Xalq Respublikasından gətirilmiş, 146 kq isə Qax Damazlıq Stansiyasında hazırlanmışdır.Verilmiş məlumatlara görə müşahidə edilən xəstəlik də məhz Çin Xalq Respublikasından idxal edilmiş ipəkqurdu toxumlarında meydana çıxmışdır. Hesab edirik ki, baş verən bu son hadisələr gələcəkdə yenidən təkrar olunmasın və növbəti illərin nəticələrinə də ciddi təsir etməsin deyə, mərhələ-mərhələ yerli toxum istehsalına keçilməsi zəruridir.
Düşünürük ki, bu məqsədlə xüsusi komissiya yaradılmalıdır. Bu komissiya tərəfindən yaranmş vəziyyətin səbəbləri obyektiv araşdırılıb, adekvat tədbirlər görülməlidir. Bundan əlavə zərər çəkmiş kümçülərin xərcləri hesablanmalı, eyni zamanda tələfat olmadığı halda, gözlənilən məhsulun miqdarı müəyyənləşdirilməli və yekunda dəymiş ziyan və gözlənilən məhsulun dəyəri toplanaraq kompensasiya şəklində kümçüyə verilməlidir. Çünki, baş vermiş təlafat kümçülərin günahı ucbatından olmamışdır. Əgər belə etməsək gələcək illərdə insanların bu sahəyə inamı azalacaq, kümçülük sənətinə ciddi zərbə dəyəcək, ümumilikdə baramaçılıq yenidən əvvəlki illərin səviyyəsinə doğru yön götürəcək, deməli bu il 700 ton, 2025-ci ilə isə proqnozlaşdırılmış 6 min ton barama istehsalına nail ilmaq səylərimiz baş tutmayacaq. Baramaçılığın uğurlu inkişafı həm ipəkçiliyin, həm xalçaçılığın inkişafı deməkdir. Bu da on minlərlə insanın mövsimi, minlərlə insanın isə daimi məşğulluq mənbəyidir.
Ötən əsrin 80-cı illərində Şəki şəhərində fəaliyyət göstərən tut ipəkqurdu toxumu zavodu hər il üzrə 1 ton ipəkqurddu toxumu istehsal edirdi. Təəsüflər olsun ki, həmin müəssisə bu gün fəaliyyət göstərmir, binası və digər qurğuları özəlləşdirilərək satılmışdır. Hal-hazırda respublikamızda tut ipəkqurdu istehsal edən yeganə müəssisə Qax Damazlıq Stansıyasıdır. Bu müəssisə yalnız elit və super elit toxumlar hazırlmaq üçün nəzərdə tutulmuşdur. Burada damazlıq toxum istehsal etmək mümkün deyil, çünki yuxarda qeyd etdiyimiz elit və super elit toxumları damazlıq toxumlarla paralel, birlikdə bəsləmək mümkün deyildir. Şəkidə ipəkqurdu toxumu istehsal edən zavodun açılması günümüzün tələbidir. Şəkidə belə bir zavodun açılması nəzərdə tutulduğu halda, bu layihənin Balakən rayonuna dəyişdirilməsi başadüşülən deyil. Ona görə sözügedən bu məsələ də optimal variantda həll edilməlidir.
Baramaçılığın inkişafından danışılan zaman bu sahənin inkişafına nail olmaqdan ötrü həlli vacib olan başlıca problem yem ehtiyyatının təmin edilməsi ilə bağlıdır. Təəsüflər olsun ki, bu gün ölkəmizdə mövcud olan tut bağlarının real miqyası araşdırılan zaman kağız üzərində olan rəqəmlərlə, real rəqəmlər arasında kəskin fərqlərin olması meydana çıxır. Ayrı-ayrı rayonlar üzrə ipək qurdu toxumu paylanan zaman həmin rayonda kağız üzərində olan rəqəmlərə əsasən bölüşdürülmə aparılır. Nəticədə gerçəkdə bu qədər çəkil bağı olmadığından, yəni paylanılan ipək qurdu toxumu ilə həmin bölgənin yem ehtiyyatı tərs mütənasib olduğundan prosesin ortasında ipək qurdları aclıqdan tələf olur. Məsələn, bu gün Şəki rayonunda olan çəkil bağlarının sahəsi (Şəki rayonunda hazırda sənəd üzərində 130 ha çəkil bağı vardır) 980 qutu ipək qurdu toxumu yetişdirməyə imkan versə də, 2019-cu il kənd təsərrüfatı mövsümündə Şəki kümçülərinə 1812 qutu, 2020-ci ildə isə 1740 qutu ayrılmışdır. Lakin bu il Tərtər rayonunda ipəkqurdları arasında baş vermiş kütləvi təlafat səbəbli 200 qutu ipək qurdu toxumu Şəki rayonunun payından götürülərək həmin rayona verilmişdir. Beləliklə, cari kənd təsərrüfatı mövsümündə ümumilikdə Şəki kümçülərinə 1540 qutu ipəkqurdu toxumu verilmişdir. Göründüyü kimi ötən mövsümdə Şəki kümçülərinə real yem ehtiyyatından (980 qutu bəsləməyə imkan verir) 832, bu mövsüm isə 560 qutu çox ipəkqurdu toxumu verilmişdir. Onu da nəzərə alaq ki, Şəki rayonu üzrə bu sahə üçün mövcud, real yem ehtiyyatı yuxarıda göstərdiyimiz rəqəmdən də azdır. Əgər çəkil bağlarının sahələrinin həqiqi hesabını aparsaq yanılmadığımıza əmin ola bilərik. Məhz həm idxal edilmiş ipəkqurdu toxumlarının keyfiyyətsizliyi və bu səbəbdən də kütləvi tələf olması, həm də ki, yem ehtiyyatının düzgün-həqiqi hesabının aparılmamasının nəticəsidir ki, Şəki rayonu üzrə ötən və cari mövsümdə proqnoz və plan öhdəliklərini yerinə yetirmək mümkün olmamışdır. Nəticədə keçən mövsümdə Şəki rayonunda 46480 kq, bu mövsüm-28.06.2020 tarixinə olan məlumata əsasən isə 33280 kq yaş barama istehsal etmək mümkün olmuşdur ki, bu da bu il üzrə proqnoz göstəricilərinin 55 % -i civarındadır. Əgər araşdırmalarımızı ipəkqurdu toxumu paylanılmış bütün rayonlar üzrə aparsaq və real rəqəmləri təhlil etsək bir qədər aşağı-yuxarı olmaqla eyni mənzərənin mövcudluğunu müşahidə edərik. Burada onu da qeyd etmək yerinə düşər ki, bir qutuda 19 qr ipəkqurdu, 29 qr toxum olur. Elmi hesablamalara görə bir qutudan gözlənilən məhsul 90 kq yaş baramadır. Halbuki hazırda ölkəmizdə hər qutudan 40 kq yaş barama əldə etmək hədəf olaraq götürülsə də təəsüflər olsun ki, bu vəzifənin də öhdəsindən gəlmək mümkün olmamışdır ki, bunun da əsas səbəblərini yuxarıda sadalamışıq.
Doğrudur, yuxarıda qeyd etdiyimiz kimi bu məqsədlə son illər müəyyən tədbirlər həyata keçirilmiş, Çin Xalq Respublikasından tut (çəkil) tingləri gətirilərək bölgü əsasında rayonlarda əkilmişdir. Lakin düşünürük ki, burada əsas diqqətin Çin Xalq Respublikasından gətirilən tut (çəkil) tinglərinə verilməsi praktikası özünü doğrultmur və düzgün deyildir. Hamımıza yaxşı məlumdur ki, bizim oz iqlim şəraitimizə uyğun və gətirilmə tinglərdən daha məhsuldar çəkil növlərimiz var. Yerli növ ağaclar uzağı 3 ildən sonra bara girir, qırıldıqca məhsuldarlığı artır və çox uzunömürlüdür. Əgər biz 2016-cı ildən yerli növ çəkillərin səmərəli əkinini təşkil edə bilsəydik bu gün bu sahənin yem bazasını yetərincə möhkəmləndirə bilərdik. Digər mühüm məqam çəkil bağlarının salınması ilə bağlıdır. Meşə sahələrinin miqyasının genişləndirilməsi prosesində aqro-meşə masivvlərinin salınmasına xüsusi diqqət ayırmalıyıq. Dağlıq bolgələrdə, çəkil tinglərinin inkişafına imkan verən hundürluk ərazilərdə çəkil bağlarının salınması məqsədəuyğun olardı.
Gununsesi.org