Saatlıda kənd əhalisi su qıtlığına etiraz aksiyası keçirib – İcra Hakimiyyətindən cavab – VİDEO

  • By admin
  • 03 İyul 2020 18:34

Saatlı rayonu ərazisində kənd sakinləri etiraz aksiyası keçirib.

Gununsesi.org xəbər verir ki, sakinləri narahat edən su problemidir.

Onlar içməli suyun olmamasının, əkin sahələrinin suvarılmamasının ciddi problemlərə yol açdığını deyirlər.

Məsələ ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinin başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Gündüz Səmədli Oxu.Az-a açıqlamasında kənd ərazisində içməli su ilə bağlı problemin olmadığını deyir:

“Söhbət rayonun Nabatkənd kəndindən gedir. Problem əkin sahələrinin suvarılması ilə bağlıdır. Kürün vəziyyəti ilə əlaqədar əkin sahələrinin suvarılması üçün yetəri qədər su yoxdur. Amma bu, tək Saatlıda deyil, bir çox rayonlarda yaşanan problemdir. Əraziyə icra hakimiyyətinin nümayəndələri gedib.

Sakinlərlə görüşülüb, danışılıb. Vəziyyət izah edilib. Aidiyyəti qurumlar tərəfindən də mümkün çərçivədə kömək göstərilməsinə çalışılır. Suvarma məsələsinə yardım məqsədilə texnikalar cəlb edilir. Kənd əhalisinin suvarma suyu ilə təmin olunması üçün tədbirlər görülür. Hazırda hər şey qaydasındadır, heç bir problem, etiraz yoxdur”.

 

 

Gununsesi.org