Hər il yenidən doğulanlar - DEPUTAT POLAD HƏŞİMOVDAN YAZDI

  • By admin
  • 02 Yanvar 2022 23:22

Yeni ilin ilk günləridir. Həyatımızın yenilənməsi arzuları ilə açılan hər sabah xoş hisslər yaradır. Belə xoş sabahlardan birində qədim Qəbələnin Vəndam kəndində Polad Həşinov dünyaya gəlib və doğulduğu ailəyə səadət və xoşbəxtlik gətirib. Müharibə veteranı olan babası ona Polad deyib, valideynləri də onun polad kimi əyilməz və məğrur olmasını arzulayıblar. Adı onu polad kimi ağır bir missiyanın ardınca aparırdı. Hərbi məktəbə daxil olan kimi cəbhə bölgəsinə yollandı, hələ 17 yaşında ikən ən ağır döyüşlərdə iştirak etdi. Ağdam və Murovdağ döyüşləri onu yaşından tez mətinləşdirdi. Polad elə o döyüşlərdə böyüdü, polad kimi bərkidi və düşmənlərin qənimi oldu. İtirilmiş torpaqların azadlığını və canını fəda etmiş həmvətənlərinin intiqam anını, zəfər məqamını gözləyən Polad həmişə düşmənlə təmas xəttinin ən gərgin nöqtələrində xidmət etməyə üstünlük verdi. Düşməni məhv etmək üçün ona yaxın olmaq istədi. Nəhayət o an gəlib çatdı. 2016-cı ilin Aprel döyüşlərində Polad öz iradəsini düşmənə göstərdi. Məşhur Aprel döyüşləri zamanı Polad Həşimovun rəhbərliyi altında Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqeləri, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. 4 il sonra 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinə Polad Həşimov artıq 3-cü Ordu Korpusunun Qərargah rəisi kimi qatıldı. Dövlət sərhədində düşmənin təxribatlarını dayandırıb onu layiqincə cəzalandıran Polad iyul ayının 14-də qəhrəmancasına həlak oldu. Polad həlak oldu, amma onun azadlıq müharibəsi dayanmadı. Əksinə ordumuz daha böyük inadkarlıqla, daha böyük qətiyyətlə düşməni torpaqlarımızdan qovub çıxarmaq qərarını verdi. Polad Həşimov itkisi nə qədər ağır olsa da, ordumuzu savaşa və qələbəyə aparan intiqamın, qisasın rəmzinə çevrildi. Ordumuz Poladın qanını yerdə qoymadı, az sonra Vətən müharibəsinə qalxdı və düşməni darmadağın etdi. 47 il əvvəl Polad Qəbələ rayonunda yaşayan bir ailə üçün Yeni ilin yeni sevinci, yeni xoşbəxtliyi idi. Bu gün Polad bütün Azərbaycanın və Azərbaycanlıların Yeni ildə ilk xoş xatirəsi, qürur və iftixar mənbəyidir. Artıq hər il yanvarın ilk günlərində Polad Həşimov xalqın yaddaşında yenidən doğulur və təkcə öz ailəsinə yox, bütün Azərbaycan xalqına sevinc və xoşbəxtlik gətirir. Vətən belə oğullarla şanlı olur, şöhrətli olur. Dövlət Polad kimi oğullarla məğrur və yenilməz olur. Torpaq Polad Həşimov kimi qəhrəmanlarla Vətən olur. Torpaq, Dövlət və Vətən uğrunda canını qurban edənlər isə heç vaxt unudulmur. Onlar hər il yenidən doğulurlar. Polad Həşimov kimi!

Cavanşir Feyziyev

2 yanvar 2022-ci il.