“Hər kəs “Şuşanı Hüseynçilər azad edib” sözünü özünə təhqir hesab etməliydi”

“44 günlük Vətən müharibəsində o boyda qələbə qazanmışıq.  Bəziləri onu kiçildib hansısa məzhəbin qələbəsi kimi təqdim edirlər. Həmin məzhəbin qələbəsiydisə, 30 il ərzində bunu edəydiz də…”.

Gununsesi.info  xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Gundem.az-a müsahibəsində deyib. O, bildirib ki, yaxud da ermənilərə dəstək verən Hüseynçi Ayətullahlara, İran rəsmilərinə, din xadimlərinə etiraz bildirilməli idi:

“Bu prosesdə Azərbaycan ziyalılarının saxta sifətləri görünməyə başladı. Azərbaycan Ordusunun şanlı qələbəsinə dar məzhəb çərçivəsindən yanaşanları, hələ ona dəstək verənləri görəndə adamın ürəyi bulanır.

Biz bu vətəni Azərbaycanı sevən insanların iradəsilə azad etmişik. Bu boyda qələbədən, həqiqətdən sonra insan nadanlığını davam etdirirsə, onun axırı nə olacaq? Belələridir də gedib divarlara Azərbaycan bayrağı əvəzinə, hansısa məzhəbin simvolunu çəkirlər.

Bunların ləbbeyk elədiyi, dəstəklədiyi qüvvələr bu gün Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar. Niyə? Naxçıvanla Azərbaycan bir-birinə birləşməsin? Siz müsəlman deyilsiz?

44 günlük Vətən müharibəsində dinindən, cinsindən, dilindən asılı olmayaraq döyüşən hər bir kəs bizim canımız-ciyərimizdir. Azərbaycan bayrağı əvəzinə əlində başqa bir ölkənin, kənar qüvvənin bayrağını qaldıran istənilən şəxs Azərbaycana qarşıdır.

Bu gün özünü ziyalı sayan şəxslər kənara çəkilib, baş verənləri izləməklə məşğuldur. Əslində Azərbaycanda hər kəs “Şuşanı Hüseynçilər azad edib” sözünü özünə təhqir hesab etməliydi. Bu ifadə Azərbaycan əsgərinin, türk əsgərinin haqqını yemək idi. Bu məsələlərdə həssas olmalıyıq. İmkan verməməliyik ki, dünyəvi dəyərlərimiz sıradan çıxsın”.

Gununsesi.info