Hərbçilərin təqsiri sübut olunarsa, məsuliyyətə cəlb edilə bilərlər

  • By admin
  • 10 Oktyabr 2022 14:07

“Son 30 ildə Azərbaycanın 25 faiz torpağını işğal altında saxlayan, Xocalı şəhərində 1992-ci ildə 613 mülki şəxsi əsir götürərək qətlə yetirən, bu cinayəti törətmiş şəxslər bütün dünyaya məlum olduğu halda nə hər hansı bir xarici dövlət, nə də beynəlxalq təşkilatlar bu şəxsləri məsuliyyətə cəlb etmək üçün tədbirlər görürlər”.

Gununsesi.info xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda bildirib.

“Ancaq son dövrlər sosial şəbəkələrdə əsir kimi götürüldüyü iddia olunan bir neçə Ermənistan hərbi qulluqçusunun qətlə yetirilməsi və meyitləri üzərində təhqiredici hərəkətlərə yolverilməsi barədə hələ mənbəyi məlum olmayan bir neçə videonun yayılması az qala Azərbaycan dövlətinin soyqırımı siyasəti kimi təqdim edilir. Mən bir daha Baş Prokurorluğun nümayəndəsi kimi bəyan etmək istəyirəm ki, yayılmış hər bir video ilə bağlı dərhal reaksiya verilib və həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə cinayət işi başladılıb. Bu faktlarla bağlı 10 cinayət işinin ibtidai istintaqı davam etdirilir. Əgər videoda iddia edildiyi kimi həmin şəxslərin, hərbi qulluqçuların təqsiri sübut olunarsa, ümumiyyətlə cinayət faktı öz əksini taparsa, cinayət məsuliyyət məsələsi təmin edilə bilər”, – deyə Nemət Əvəzov bildirib.

O qeyd edib ki, beynəlxalq təşkilatlar istintaqın nəticəsini gözləmədən Azərbaycan xalqına və dövlətinə qarşı mövqe sərgiləyirlər: “Halbuki Azərbaycanda müxtəlif millətlərin nümayəndələri çox rahat şəkildə yaşayırlar. Təklif edirəm ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı Ermənistanın törətdiyi cinayətlərə baxsınlar. Beynəlxalq təşkilatlar nədənsə Azərbaycana qarşı soyqırımı cinayətlərini görə bilmirlər. Baş Prokurorluqda ermənilərin cinayətlərinə dair xeyli istintaq materialları var. Orada dəhşətli faktlar mövcuddur”.

Gununsesi.info