Hərbi ekspert: "Rusiya atəşkəsi müzakirə etmək istəmir"

“Ukrayna ilə Rusiya arasındakı münasibətlərin və Trampla Putinin görüşünün baş tutmamasının əsas səbəbi odur ki, Rusiya qətiyyən atəşkəsi müzakirə etmək istəmir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev qeyd edib:

“Rusiya, müharibə davam edərkən öz xeyrinə olan və kifayət qədər ciddi tələbləri olan yekun bir razılaşma əldə etmək istəyir. Bu tələblər arasında Ukrayna Konstitusiyasının dəyişdirilməsi, Ukrayna ordusunun silahsızlaşdırılması, NATO-dan tamamilə imtina etməsi və müəyyən ərazilərin Rusiya tərəfindən nəzarət altında saxlanılması yer alır. Bundan əlavə, bəzi ərazilərdən Ukrayna ordusunun geri çəkilməsi tələb olunur.

Belə şərtlər altında atəşkəsdən söhbət gedə bilməz, çünki müharibə davam edərkən bu tələblərin yerinə yetirilməsi faktiki olaraq mümkün deyil.

Buna görə də Trampla Putin arasında narazılıq yaranıb. Hələlik qapılar tam bağlanmayıb, məsələ sadəcə dondurulub”.

O, əlavə edib ki, bu gərginlik isə Rusiya və Ukrayna arasında təmasların vaxtında həll olunmaması və operativliyin çatışmaması ilə əlaqədardır.

“Nəticədə Rusiya dərhal nüvə qüvvələrinin triadasının – yerüstü, sualtı və hava – TU-95M-lərin təlimlərini həyata keçirdi. Putin şəxsən bu təlimlərə nəzarət etdi və göstərdi ki, əgər atəşkəslə bağlı danışıqlar aparılırsa, onu həyata keçirmək üçün Ukraynada uyğun heyət yoxdur.

2022-ci ildə müharibənin başlanmasından iki ay sonra İstanbulda Ukrayna və Rusiya arasında görüşlər keçirildi. Həmin görüşlər müəyyən nəticələr verdi, itkilər isə hələ bu qədər ciddi deyildi. Lakin Avropanın müdaxiləsi və Ukraynaya verdiyi dəstək nəticəsində bu prosesdən Ukrayna çəkildi və nəticələr ağır oldu”.

Şəbnəm

Gununsesi.info