Hərbi Prokurorluq oğlumu şərləmək istəyir

  • By admin
  • 18 May 2022 12:24
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 1ünvanında, Akord binalarında kirayədə yaşayan Əliyeva Zülfiyyə Səfqulu qızı ölkənin birinci-vitse prezidenti Mehriban Əliyevaya şikayət ərizəsi yazıb.
Gununsesi.info-ya da göndərilən şikayətdə Hərbi Prokurorluğun müstəntiqinin qanunsuz hərəkətindən söhbət açılır.
Həmin məktubu olduğu kimi dərc edirik:
 Hörmətli Mehriban xanım!
 Tək övladım Kazımov Eyyub Anar oğlunu atasız böyütmüşəm, Eyyub  25.10.2019-cu il tarixdə hərbi xidmətə getmiş, Ağdam rayonu ərazisində yerləşən 161 nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyündə xidmət etmiş, 2021-ci ilin iyul ayının axırında  hərbi xidmətdən ehtiyata buraxılmışdır. Oğlum xidmət müddətində 2020-ci ilin sentyabr ayının 27-də başlayan 2-ci Qarabağ müharibəsində  bir neçə rayonumuzun erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və Xocavənd ryonunun azad edilməsi uğrunda ğedən döyüşlərdə şücaət göstərdiyinə görə prezidentimiz tərəfindən medalla təltif edilmişdir.
Oğlum hərbi xidmətdən ehtiyata buraxıldıqdan 5 ay sonra 2021-ci ilin dekabr ayında Respublika hərbi prokurorluğunun müstəntiqi Ceyhun Hüseynov onu bir neçə dəfə hərbi prokurorluğa çağırmış, müharibə vaxtı komandirinin əmri ilə postda olan  döyüş mərmilərini bir kilometr kənarda avtomobilə aparan vaxt ermənilərin atəşinə məruz qalarkən əsğər yoldaşının avtomat silahından erməniyə atəş açdığını, güllənin əsgər yoldaşı Vüsal Gülalıyeva dəyib onu öldürdüyünü və həmin faktı boynuna almasa oğluma ağır maddə ilə ittiham verəcəyini bildirmişdir. 
Mən bu barədə məlumat aldıqdan sonra oğlumla bir neçə dəfə  söhbət etdim, oğlum mənə döyüşlərin qızğın vaxtı 2020-ci ilin  oktyabr ayının axırlarında  xidmət etdikləri postda aidiyyatı olmayan mərmilər göndərildiyini, onların  komandiri müddətdən artıq xidmət edən hərbi qulluqçu Araz İsmayılov Eyyubu, əsgər İsmayılov Şöhrəti, Muradov Muradı, Abbasov Şahsuvarı və Gülalıyev Vüsalı çağırıb gecə saat 22 radələrində 30-35 kiloqramlıq mərmiləri göstərib, həmin mərmiləri postdan 1 kilometr kənara gələcək avtomobilə yükləmələrinə göstəriş vermişdir. Həmçinin əsgərlərə onların postları istiqamətində 2 erməni kəşfiyyatçısının görünməsini, sənğərlə bir birindən 40-50 metr aralı məsafədə getmələrini və ehtiyyatlı olmaları barədə göstəriş vermişdir. Onlar mərmiləri götürüb postdan 200-300 metr səngərlə deyilən yer istiqamətində hərəkət edərkən ermənilər tərəfindən getdikləri ərazi güclü atəşə məruz qalmış, həmin vaxt yaxınlıqda digər postlarda olan  döyüş yoldaşlarının atəş dəstəyi nəticəsində ermənilər susdurulmuşdur. Həmin vaxt oğlum silahsiz olmuş, atəş dayandıqdan sonra bir -birlərini səsləmiş, öndə gedən əsgər Vüsal Gülalıyev onların səsinə cavab vermədiyinə görə, oğlum Gülalıyevin getdiyi istiqamətdə gedərkən onun  səngərin kənarında üst hissədə yıxıldığını görüb səngərə çəkərkən Vüsala güllə dəydiyini görmüşlər. Onlar qaçıb  hadisə barədə sığınacaqda olan taqım komandiri Röyal Qurbanəliyevə və Araz İsmayılova məlumat vermişlər. Hadisədən sonra oğlumdan və hadisə yerində olan digər əsgərlərdən izahatlar alınaraq döyüş bölgəsinə qaytarılmışdır. Oğlum əsgər V.Gülalıyevi öldürmüş olsaydı, həmin vaxt onun barəsində tədbir görülərdi. O, hadisədən sonra uzun müddət xidmətdə olmuş, xidmət dövründə bir neçə rayonun düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Müstəntiq Ceyhun Hüseynov vəzifəsindən sui -istifadə edərək oğluma və onunla xidmətdə olmuş əsgərlərə təziq göstərib şəhid Güləliyevin ölümündə əsasız olaraq oğlumu təqsirləndirir.
Hörmətli Mehriban xanım,
Həmin vaxt oğlum və digər əsgər yoldaşlarına komandirlik edən çavuş Araz İsmayılov nəinki oğluma qarşı, həmçinin tabeçiliyində olan digər əsgərlərə qarşı da, qanunsuz hərəkətlər etmiş, xidmət müddətində onları döyüb incitmiş, tabeliyində olan əsgərlərə qanunsuz əmr və göstərişlər vermiş, qeyd olunan hadisə vaxtı həmin əsgərlərin yanında olmalı olduğu halda taqım komandıri ilə sığnacaqda oturub onları nəzarətsiz qoymuşdur. Araz ismayılov xidmət müddətində vəzifə səlahiyyətlərini aşaraq hərbi formasına kapitan rütbəsi taxıb Saatlı rayonuna getmiş, əsgər Şöhrət İsmayılovun atasına özünü səlahiyyətli şəxs kimi təqdim etmiş oğlunu tutduracağı ilə hədələyib ondan 300 AZN pul tələb edib almışdır.
Müstəntiq C.Hüseynov onları Hərbi Prokurorluğuna çağırdıqdan sonra A.İsmayılov Şöhrət İsmayılova atasından aldığı pulu qaytaracağını bildirmişdir.
Ceyhun Hüseynov həmin faktları araşdırmaq əvəzinə uzun müddətdir ki, Araz İsmayılovu prokurorluqda saxlayıb ona göstərişlər vermiş, ondan Eyyubun üzünə durmasını, ona böhtan atmasını tələb etmişdir. Araz İsmayılov oğlumun əlehinə ifadə verərək,  güya həmin hadisədən sonra hadisə barədə ona məlumat verdiyini, peşman olduğunu, mərmi apararkən  getdikləri səngər atəşə tutularkən o da həmin istiqamətə atəş açdığını, güllənın əsgər yoldaşına dəydiyini bildirmişdir. Bildirirəm ki, oğlum  mərmi apararkən onda ümumiyyətlə silah olmamış, həmin vaxt oğlumla birlikdə mərmi aparan əsgərlər də ilkin izahatlarında Eyyubda silah olmadığını və gecə onun hər-hansı silahdan atəş açmadığını bildirmişlər. 
Bütün bunlara baxmayaraq müstəntiq Ceyhun Hüseynov hadisə yerində olan əsgərləri prokrorluğa çağırıb onların ilkin izahatlarını dəyişib oğlumun güya V.Gülalıyevə atəş açdığını gördüklərini bildirmişdir. O, hadisə barədə Eyyubun əsgər yoldaşlarından soruşduqda  onlar mərmi apararkən çox qaranlıq olduğunu, 5-metr məsafəni görməkdə çətinlik çəkdiklərini bildirmişlər. Müstəntiq 07.04.2022-ci il tarixdə CM-nin 120.2-ci maddəsi ilə oğluma ittiham vermiş və həmin vaxt oğlum müstəntiqə “nəyə ğörə əsgər Vüsal Gülalıyevi öldürməliydim” sualını verdikdə müstəntiq C.Hüseynov oğluma “kimə istəyirsən şikayət et, mən geri çəkilən deyiləm , səni məhv edəcəyəm” sözlərini deyərək onu hədələmişdir. 

Hörmətli Mehriban xanım, Ceyhun Hüseynov kimi müstəntiq heç-bir zaman obyektiv istintaq aparıb həqiqəti ortaya çıxarmaz, o, öz rəislərinin yanında özünə hörmət qazanmaq üçün oğlum kimi vətənpərvər oğullara qənim kəsilib onları məhv etməyə belə hazırdır. Müstəntiqin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokurora və hərbi prokurora ərizə ilə müraciət etsəm də heç bir nəticəsi olmadı, C.Hüseynov oğluma qarşı qərəzli hərəkətlərini davam etdirir. Bizim ümidimiz Sizə və bir yumruq kimi ətrafında birləşdiyimiz prezidentimiz İlham Əliyev cənablarınadır.Bir ana kimi acizanə yalvarışlarımı nəzərə alın, oğlum Eyyubun barəsində Respublika hərbi prokurorluğunun müsstəntiqi Ceyhun Hüseynovun icraatında olan cinayət işinin istintaqını  mülki prokurorluq əməkdaşlarına həvalə edilməsinə və obyetiv istintaq aparılıb ədalətli qərar qəbul edilməsinə qöstəriş berməyinizi xahiş edirəm. Qarabağ müharibəsində qəhrəmanlıq ğöstərmiş, orden medalla təltif olunmuş oğlumla onun-bunun həyətində işləyib kirayədə yaşayıram, Ceyhun Hüseynov kimi insanlar bunuda bizə çox ğörür. Belə ğetsə olanları bir lövhədə qeyd edib lövhəni boğazımıza asıb özümüzü dənizə atmalı olacağıq.

Gülnar Məmmədli
Gununsesi.info