Hərraclar elektronlaşdırıldı - HƏR KƏS ÖZƏLLƏŞDİRMƏ PROSESİNİ ONLAYN İZLƏYƏ BİLƏCƏK

  • By admin
  • 07 Dekabr 2017 12:52

Dövlət əmlaklarının satışı elektron hərracla həyata keçiriləcək.

Gununsesi.info bunu Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir.

Komitə qeyd edir ki, elektron hərracların tətbiqi layihəsinin reallaşdırılması nəticəsində  bütün növ dövlət əmlakını heç bir yerə getmədən bir virtual məkandan Elektron Hərrac vasitəsilə özəlləşdirmək mümkündür. Başqa sözlə nəinki nəqliyyat vasitələrinin, həmçinin kiçik dövlət müəssisələrinin, səhmdar cəmiyyətlərin səhm paketlərinin, qeyri-yaşayış və torpaq sahələrinin hərracı tam elektronlaşdırılıb. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb bütün növ dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər. Qeydiyyatdan keçmək, hərraclarda iştirak etmək üçün sifariş vermək, hərracın gedişatını birbaşa olaraq onlayn şəkildə izləmək kimi proseslər elektron müstəviyə keçib.

Komitənin Strateji araşdırmalar, innovasiyalar, monitorinq və təhlil şöbəsinin müdiri Şamil Şirinov bildirib ki, elektron hərracların istifadəyə verilməsinin prioritet prinsiplərdən biri də məkan məfhumunun aradan qaldırılması, zaman faktorunun minimumlaşdırılması, iştirak prosedurlarının sadələşdirilməsi, statistik göstəricilərin yüksəldilməsidir. Bunun nəticəsində prosesdən büdcə daxilolmalarının artmasına şərait yaranır. Eyni zamanda, bu layihələrin reallaşdırılması vətəndaş məmur münasibətlərinin minimuma endirir, investorların özəlləşdirilməyə cəlb olunması ilə bağlı geniş imkanlar yaradır.

Qeyd edilib ki, hərraclarda elektron iştirak etmək Komitənin emdk.gov.az rəsmi səhifəsi ilə izləmək mümkündür. Bu məqsədlə saytda xüsusi keçid də yaradılıb. Elektron hərracdan istifadə mexanizmi kifayət qədər sadə və rasionaldır. Bununla yanaşı Komitənin http://privatization.az  saytı vasitəsilə bir virtual məkanda özəlləşdiriləcək əmlak və müəssisələr barədə məlumat əldə etmək və onlayn rejimdə hərracda iştirak etmək imkanları yaradılıbdır.

Tədbirdə bildirilib ki, istənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.

Vüsalə

Gununsesi.info