Haqqı tapdanan sabiq deputat: "İndi nə edim, "qanuni oğru"lara müraciət edim?"

  • By admin
  • 08 İyul 2022 22:02

Keçmiş deputat, iş adamı Nazim Bəydəmirli uzun illərdir ki, səhmdar kimi hüquqlarının pozulmasından şikayətçidir. İyulun 7-də keçirdiyi mətbuat konfransında o hüquq-mühafizə orqanlarını korrupsiya və iqtisadi cinayətlərlə bağlı etdiyi çoxsaylı şikayət ərizələrinə reaksiya verməməkdə günahlandırıb.

Bəydəmirli səhmdarı olduğu “Avto-qarant” ASC rəhbərliyini sənəd saxtalaşdırılması, səhmdarların paylarının verilməməsi, vergidən yayınmaq kimi bir çox məsələlərdə günahlandırır:

“ASC-nin 61% səhmlərinə 2003-cü ildə sahib olmuş Ədalət Bağırovun törətdiyi qanun pozuntuları özünün yaratdığı cinayətkar qrup tərəfindən uzun illərdir ki, davam etdirilir. “Avto-qarant” ASC-nin idarəçiliyini faktiki olaraq əlinə alan bu şəxs mədaxillərin silinməsi, imza və möhürlərin saxtalaşdırılması, cəmiyyətin üzvlərinə hədə-qorxu gəlinməsi kimi müxtəlif yollara əl ataraq külli miqdarda gəlirləri mənimsəməklə məşğuldur”.

“Avto-qarant” ASC-nin rəhbərliyi deyilənləri təkzib edir. Ədalət Bağırov mediaya əvvəlki müsahibələrində deyib ki, Nazim Bəydəmirli ictimai təzyiq vasitəsilə onun səhmlərini əlindən almaq istəyib.

Nazim Bəydəmirli isə mətbuat konfransında qeyd edib ki, o, iddialarının sübutu kimi 30 iyun 2021-ci ildə keçirilən “Avto-qarant” ASC-nin səhmdarlarının yığıncağında Ədalət Bağırovun mövcud qanunvericiliyin tələblərini digər şəxslərlə birgə hansı qaydada pozmasının videoçəkilişini də prokurorluq orqanlarına təqdim edib.

Mübahisədə kimin haqlı, kimin haqsız olduğunu istintaq orqanları müəyyən edə bilər. Di gəl ki, Nazim Bəydəmirlinin sözlərinə görə, onlar bu şikayətlərə reaksiya vermirlər:
“Videoda görünən digər şəxslərin də yol verdikləri qanun pozuntularını 7 iyun 2022-ci il tarixdə Şəmkir rayon prokurorluğunda vətəndaş qəbulu keçirən Baş Prokuror cənab Kamran Əliyevə şəxsən təqdim etmişəm. Ortada açıq-aşkar hüquqverici sənədləri saxtalaşdıraraq, Müşahidə Şurasının, İdarə Heyətinin, Təftiş Komissiyasının üzvlərini kağız üzərində “seçib, təyin edən”, həm də səhmdar cəmiyyətin küllü miqdarda gəlirlərinin mənimsənilməsində iştirak edənlərin cinayət əməlləri olduğu halda Xətai rayon prokurorluğu “mülki işdir” deyərək əslində cinayətkar dəstəni himayə edib. İndi də bu işi Baş Prokurorluq həyata keçirməklə məşğuldur”.

Keçmiş deputatın söylədiyinə görə, Baş Prokurorluqda keçirdiyi bir görüşdə ona şikayətlərinin araşdırılacağı vəd edilsə də, bundan sonra heç bir hərəkət görməyib.

Nazim Bəydəmirli sual edir ki, səsi dövlət institutlarında eşidilməyəndə vətəndaş hara üz tutmalıdır.

“İndiyə qədər şikayətlərimizin araşdırılmamasından belə anlaşılır ki, mən hüquq-mühafizə orqanlarında rüşvət vermədiyimə görə qanuni şikayətlərim ört-basdır ediləcək. Hüququmu qorumaq üçün ölkəmizdə və xaricdə olan kriminal dairələr vasitəsilə“qanuni oğrulara” müraciət etməliyəm?”

Baş prokurorluqdan sözügedən şikayətlə bağlı cavab almaq mümkün olmayıb. “Avto-qarant” ASC ilə bağlı araşdırmanın başlanması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Gununsesi.info