
Tarif (qiymət) Şurasının 28 noyabr qərar ilə Azərbaycanda qazın və işığın qiyməti qaldırıldı. İclas barədə məlumatda deyilir ki, Tarif Şurası təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
Gununsesi.info Bakının Yasamal rayonu ərazisində bahalaşma ilə bağlı əhali arasında sorğu aparıb.
Aytəkin Həsənova təqüdçü: “Xəbərə qulaq asandan şokdayam. Tək adamam. 150 AZN pensiya alıram. Necə olacaq halımız? Bu cür bahalaşmaların aparılması bizim kimi insanlar üçün o deməkdir ki, yıxılın ölün, bu dövlətin canı kasıblardan qurtarsın. Heç olmasa, kompensasiya da vermirlər ki, balanslaşma olsun”.
Heydər Orucov (işsiz): “Yəqin hökümət bir şey bilir ki, bahalaşma edir. Bu bahalaşma kasıblara aid deyil. Varlılar üçün nəzərdə tutulub. Biz onsuzda havalar soyuyanda yorğanın altından çıxmırıq. Əsas odur torpaqlarımız ermənidən geri alınsın. Qalanına dözərik”.
Kövsər Həzrətquliyeva (xadimə): “Gərək bu bahalaşma edənləri verəsən süpürgənin qabağına. Süpürüb atasan zibil qabına. Ağızları isti yerdədir. Onların nə vecinə. 20-30 otaqlı 4-5 mərtəbəli villalarda yaşayırlar. Pullarını balta kəsməz. Olan bizim kimi kasıba olur”.
Səməd Məmmədov (satıcı): “Vallah, mən “Palaza bürün, elnən sürün” misalı yaşayıram. Dövlətimiz sağ olsun”.
Təyyar Ağarəşidov (istefada olan hərbiçi): “Gözləyin, gündəmi elə dəyişəcəklər ki, qiymət artımı yaddan çıxacaq. Demədi, deməyin”.
Qeyd edək ki, Azərbaycanda qaz və işıq pulu bahalaşdı. Bu barədə Tarif (qiymət) Şurasının 28 noyabr iclasında qərar verilib. Təbii qazın qiyməti Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında artırılıb. SOCAR bir sıra “səbəblər” sadalayandan sonra Tarif Şurasından təbii qazın min kubmetrinin bütün istehlakçılar üçün 180 manat müəyyən edilməsini istəyib.
İşıqpulu isə “Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətləri əsasında artırılıb. Müraciətdə göstərilib ki, elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marja 2,8 qəpik artırılmalıdır.
Tarif Şurasının qərarı ilə təbii qazın pərakəndə satış qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Elektrik enerjisi istehsalı müəssisələri üzrə təbii qazın qiyməti min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.
Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.
Elektrik enerjisinin isə bir kilovat-saat üçün topdansatış qiyməti 5,7 qəpik təsdiq edilib. Pərakəndə satış qiyməti əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış qiyməti 9 qəpik səviyyəsində təsdiq edilib.
Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.
Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.
Xatırladaq ki, elektrik enerjisi ilə bağlı qərar 2016-cı ilin 1 dekabr tarixindən qüvvəyə minir.
Gülnaz Qənbərli
Gununsesi.info