“Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
O, bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsindəki uğurları beynəlxalq aləmdə də təqdir olunduqca ölkəmizin dünya arenasındakı siyasi nüfuzu daha sürətlə artır.
Millət vəkilinin sözlərinə görə, dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları və tanınmış siyasətçilər, iqtisadçılar Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər.
E. Səlimov deyib ki, beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirir.
“Doing Business-2017” hesabatına əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir. Davos Ümumdünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyətliliyi İndeksi 2016-2017” hesabatında Azərbaycan 138 ölkə arasında 37-ci yerdə qərarlaşıb. Ölkəmiz artıq 8 ildir ki, sözügedən hesabatda MDB ölkələri arasında birinci yerdədir.
Hesabatda Azərbaycan “əmək bazarının səmərəliliyi” göstəricisi üzrə 26-cı, “makroiqtisadi sabitlik” göstəricisi üzrə isə 39-cu yerdə qərarlaşıb. Nüfuzlu “Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi isə gələn ildən Azərbaycan iqtisadiyyatında artım olacağını bəyan edib. Sənəddə göstərilir ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2017-ci ildə 5,5 faiz, 2018-ci ildə 3,5 faiz, 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,5 faiz artacaq”- deyə, E.Səlimov vurğulayıb.
Millət vəkili onu da deyib ki, bəzi qüvvələr Azərbaycanın uğurlarının, nailiyyətlərinin üzrərinə zaman-zaman kölgə salmağa cəhd etsələr belə, öz istəklərinə nail ola bilməyəcəklər.
“Onlar Azərbaycanı tutduğu bu uğurlu, müqayisəolunmaz inkişaf yolundan döndərə, inkişaf relsındən çıxara bilməyəcəklər. Onların məkrli niyyətləri hər zaman olduğu kimi, bundan sonra da gözlərində qalacaq. Azərbaycan uğurlu inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır və addımlayacaq. Heç kəs, heç bir qüvvə bunun qarşısını ala bilməyəcək”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info












