“Heç kimdən rüşvət almamışam” - Həbsdə olan hakim danışdı

  • By admin
  • 31 Oktyabr 2022 14:33

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən sabiq hakim İlyas Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gununsesi.info xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihamda görə, İ.Mahmudov 2008-2019-cu illərdə Sumqayıt şəhər Məhkəməsinin hakimi işləyərkən icraatında olan müxtəlif işlərdə ayrı-ayrı şəxslərdən rüşvət tələb edərək ədalətsiz qətnamələr qəbul edib.

Həmçinin İlyas Mahmudov işlədiyi dövr ərzində qəbul etdiyi 25 qətnaməyə yalan məlumatlar daxil edib, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olub, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.

Toplanmış dəlil və sübutlarla İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınıb.

İttihama münasibət bildirən sabiq hakim özünü təqsirli bilməyib. O, barəsindəki ittihamları tamamilə təkzib edib.

Qeyd edək ki, İlyaz Mahmudov bu ili iyul ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info