Heydər Əliyev Fondu 600-dən çox uşağa məktəbli forması hədiyyə etdi

  • By admin
  • 10 Sentyabr 2016 12:08

heyder-fondu

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) yeni tədris ili ərəfəsində I sinfə hazırlaşan 600-dən çox uşağa məktəbli forması və dərs ləvazimatı hədiyyə edib.

Heydər Əliyev Fondundan  Gununsesi.info-ya verilən məlumata görə, hədiyyələr aztəminatlı ailələr, eləcə də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə təqdim olunub.

Uşaqlar üçün hazırlanan çantalara fənlər üzrə dəftərlər, rəsm albomu, rəngli karandaşlar, qələmlər, boya, plastilin, qayçı və digər məktəb ləvazimatları daxildir.

Tədbir Cənub, Şimal-Qərb, Dağlıq Şirvan, Aran regionları üzrə 25 rayondan olan uşaqları, Sumqayıt şəhərində, Abşeron rayonunun Ramana və Masazır qəsəbələrində məcburi köçkünlər üçün fəaliyyət göstərən məktəb və liseylərin şagirdlərini əhatə edib.

Qeyd olunub ki, “Regional İnkişaf” İctimai Birliyi fəaliyyəti çərçivəsində, regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud uşaqların dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə imkanlar yaradılması, təhsil almaq şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirir.

Gununsesi.info