
Oktyabrın 1-də könüllü heyvansevərlər Balaxanı qəsəbəsində yerləşən Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin qarşısında aksiya keçiriblər.
Gununsesi.info-nun xəbərinə görə, aksiya iştirakçılarının əsas tələbləri heyvanların qidalanmasında və müalicəsində iştirakdır. Akssiya iştirakçılarının sözlərinə görə, xoş məramlarına baxmayaraq, departamentdən heç kim onları qəbul etməyib.
Onlar bildiriblər ki, Balaxanıda itlər çox acınacaqlı şəkildə saxlanılır: “Əvvəllər itlərin qidalanmasında və müalicəsində iştirak edirdik, amma bu dəfə qapıları bağlayıblar, itləri isə içəridə yandırıb öldürürlər. Bu barədə faktlar da var”. Aksiya iştirakçıları hesab edirlər ki, onların itlərin qidalanmasında və müalicəsində iştirak etməyə şərait yaradılmalıdır:
“Normal ölkələrdə könüllü heyvansevərlərə bu cür münasibət yoxdur. Halbuki, idarə rəhbərliyi buna görə maaş alır, ancaq itləri qidalandırmaq, müalicə etmək əvəzinə öldürürlər. Biz isə öz vəsaitimizlə onların işini asanlaşdırmaq istəsək də, buna imkan vermirlər”.
Gülnaz Qənbərli
Gununsesi.info












