Hulusi Akar Ermənistana çağırış etdi

  • By admin
  • 08 Noyabr 2021 11:13

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ermənistana çağırış edib.

Gununsesi.info xəbər verir ki, Bakıda səfərdə olan Hulusi Akar Türkiyə Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin Heydər Əliyev Mərkəzində keçirilən konsertində çıxış edərək, rəsmi İrəvana mesaj ünvanlayıb.

Hulusi Akar deyib ki, Ermənistanın səlahiyyətli şəxsləri mövcud siyasəti bir kənara qoyub, “altılıq platforma”sı təşəbbüsü daxil olmaqla bu tarixi fürsəti dəyərləndirməlidir:

“Artıq hər kəs bilməlidir ki, kin və nifrət üzərində bir gələcək inşa edilə bilməz. Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır. Biz bu anlayışla öhdəmizə düşən tarixi məsuliyyətlə bölgəmizdə sülh və sabitlik üçün cəhd göstərməyə davam edəcəyik”.

İkinci Qarabağ Müharibəsindəki Qələbədən danışan Türkiyə müdafiə naziri bildirib:

“Bu, sadəcə, Ermənistan üzərində qazanılmış Zəfər deyil. Bu zəfər eyni zamanda illərlə haqsızlığa göz yumanlara, səssiz qalanlara qarşı ən gözəl cavab oldu. Hər zaman olduğu kimi sevincini sevincimiz, kədərini kədərimiz bildiyimiz can Azərbaycan, can qardaşlarımızın bu haqı mübarizəsində də yanında olduq. Millətimizlə birlikdə bütün imkanlarımızla siz can qardaşlarımıza dəstək verməyə çalışdıq. Çünki biz eyni kökdən və gövdədən bəslənən ulu bir çinarın budaqları kimiyik, böyük bir millətin övladlarıyıq”.

Gununsesi.info