“İdeal” mağazalarının keçmiş sahibi: AZAL prezidenti və xanımı şirkətimi zorla əlimdən aldılar

  • By admin
  • 08 İyun 2021 13:48

Parfümeriya məhsullarının satışıyla məşğul olan “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov bildirib ki, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və xanımı Zərifə Həmzəyeva zorla şirkətdəki bütün payını onun əlindən alıb. Payından imtina etməsi üçün 2017-ci ildə saxta ittihamla həbs etdirildiyini deyən iş adamının sözlərinə görə, səhmlərini verəndən sonra azadlığa buraxılıb, daha sonra barəsindəki cinayət işinə xitam verilib.
Hazırda həbsdə olan İlqar İsmayılov deyir ki, Cahangir Əsgərov və xanımının onun başına gətirdiklərini ictimailəşdirdiyinə, dövlət orqanları və məhkəmələrə şikayət etdiyinə görə bu dəfə də onu yenidən belə cəzalandırdılar. Bütün bunlar barədə o, iyunun 7-də öz məhkəməsində ifadə verərkən danışıb.
Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə ittiham olunan İlqar İsmayılovun sözlərinə görə, onu öz şirkətindən vəsait mənimsəməkdə ittiham edirlər: “Mənə ittiham verilib ki, öz şirkətimdən 680 min manat mənimsəmişəm. Mən öz pulumu necə mənimsəyə bilərəm? Həmin dövrdə ondan 10 dəfə artıq məbləği şirkətə mədaxil etmişəm. Bunun qəbzləri də var. Amma məhkəmə o qəbzləri qəbul etmək istəmir”.
İş adamının vəkili İlhamə Həsənova vəsatət qaldırıb ki, qəbzlər cinayət işinin materiallarına sübut kimi əlavə olunsun. Amma hakim Əli Məmmədov qəbul etməyib. Bu da vəkillərin etirazına səbəb olub. Vəkillər bildirib ki, hakimlər bu işi obyektiv araşdırmaqda maraqlı deyil. Ona görə də məhkəmə prosesi başlayandan iş üçün əhəmiyyətli olan vəsatətlərin heç biri təmin olunmur. Vəkillər Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyasının bu işə baxmasına yazılı şəkildə etiraz verib. Lakin etiraz baxılmamış saxlanılıb.
Prokuror ittiham aktını elan edib. İlqar İsmayılov özünü təqsirli bilməyib, deyib ki, ittiham tamamilə əsassızdır. “İdeal Kompani” şirkətini 1999-cu ildə yaratdığını və 2011-ci ilin noyabrına qədər tək inkişaf etdirdiyini deyən iş adamının sözlərinə görə, daha sonra AZAL prezidenti Cahangir Əsgərov və xanımı Zərifə Həmzəyeva bu şirkətin yarısını almaq istədiklərini ona çatdırıb. O isə bir qədər düşündükdən sonra razılıq verərək, şirkətin 50 faizini Zərifə Həmzəyevaya satıb: “Premium Bank” da onlarındır. Mənə kredit təklif elədilər, razılaşdım. Sonradan bildim ki, tələ imiş. Məqsəd şirkətdə qalan payımı da əlimdən almaq imiş. Kreditin şərtlərini məndən xəbərsiz dəyişiblər. Bu təzyiqlərdən sonra məcbur olub, qalan 50 faizlik payın 25-ni də onlara satdım”.
İlqar İsmayılovun sözlərinə görə, 2017-ci ildə “Premium bank” rəhbərliyinin şikayəti əsasında onun haqqında cinayət işi başlanıb və həbs olunub. O, iddia edir ki, əsl səbəb isə əlində qalan 25 faizlik pay idi: “Həmin vaxt “Premium bank” rəhbərliyindən Elçin Əhmədov mənə dedi ki, “İdeal”dakı qalan 25 faizlik payını verməsən illərlə həbsdə qalacaqsan. Razılaşdım, 2017-ci ilin sentyabrında Elçin Əhmədov vəkili ilə həbsdə yanıma gəldi və mənə vəkilin adına etibarnamə imzalatdırdılar, qalan 25 faizlik payı da verdim. Ondan sonra məni buraxdılar, cinayət işinə də xitam verdilər”.
İşadamı vurğulayıb ki, başına gələnləri ictimailəşdirdiyinə görə onu cəzalandırmaq, həm də susdurmaq məqsədilə Cahangir Əsgərovun yenidən həbs ediblər.
“Premium Bank” isə İsmayılovun dediklərini təkzib edib. Bankdan bildirilib ki, İsmayılov müxtəlif dövlət orqanlarına şikayət edib, amma onun iddiaları təsdiqini tapmayıb.

Gununsesi.info