İcra başçısı Yasamal sakinləri ilə görüşdü - FOTOLAR

  • By admin
  • 10 Mart 2023 13:01

Yasamal rayonunda növbəti birgə səyyar görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Erkin Qədirli vətəndaşları dinləyiblər.

Səyyar qəbul rayondakı 225 saylı tam orta məktəbin akt zalında baş tutub. Görüşdə Yasamal rayonunun sakinləri, habelə rayon icra hakimiyyətinin vəzifəli şəxsləri iştirak ediblər.

Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırıb və ötən il keçirilmiş görüş və qəbullar barədə qısa məlumat verib. Bildirilib ki, 2022-ci il ərzində Yasamal RİH tərəfindən ümumilikdə 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin əksəriyyəti öz həllini tapıb.

Daha sonra söz alan vətəndaşlar istismar müddəti bitmiş fərdi ev və yaşayış binalarının söküntüsü və yenilərinin tikintisi, mənzil təminatı, sosial yardım, qonşular arasında fərdi tikintiyə dair mübahisələr və bir sıra sosial xarakterli məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər.

İki saata yaxın davam etmiş qəbulda E.Həsənov sakinlərin suallarına ətraflı cavablar verib.

Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.





Gununsesi.info