İlham İsmayıl: “İnanmıram ki, mahmudovçular ölkəni kütləvi şəkildə tərk etsinlər”

  • By admin
  • 16 Sentyabr 2016 14:50

ilham-ismail 

“Əgər söhbət 2015-ci il sentyabrın 20-də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq  rəhbəri Eldar Mahmudovun komandasından gedirsə, deməliyəm ki, əgər kimsə çalışdığı iş yeriylə bağlı cinayət tərkibli əməllərdə iştirak edibsə,  perspektivdə onlara qarşı cinayət işi qaldırılması varsa, özlərinə qarşı həbs təhlükəsi hiss edirlərsə,  ehtiyatlana bilərlər”.

Bu haqda Gununsesi.info-ya  ləgv edilmiş MTN-nin istefada olan polkovnik-leytenantı İlhamİsmayıl adı “MTN işi”ndə hallanan və ya hallanmaq ehtimalı olan xeyli sayda sabiq MTN əməkdaşının müalicə adı ilə ölkəni tərk etməsiylə bağlı dərc edilən informasiyalara münasibət bildirərkən deyib.

Ekspert hesab edir ki, bu yönlü informasiyaların yayılmasında bir az da şişirtmə halları da var: “İnanmıram ki, mahmudovçular ölkəni kütləvi şəkildə tərk etsinlər. Ola bilsin ki, şəxsi məsələrlə bağlı ölkədən müvəqqəti getsinlər. Çünki hələ həbs edilənlərin özlərinin instintaqı axıradək aparılmayıb, yekunlaşdırılmayıb, məhkəmə prosesi başlamayıb. Oki qala perspektivdə olan məsələlərdən ötəri narahatçılıq yaşayıb, ölkədən gedələr. Ona görə də hiss edirəm ki, informasiyada  şişirtmə var. Çunki mahmudovçularda bir-iki nəfər harasa gedə bilər, lakin buna kütləvi hal demək olmaz. Yəni ən azından özləri də bilirlər ki, kim cinayət edibsə, həbs qaçılmazdır. Əgər ortada cinayət yoxdursa, nədən qorxmalıdırlar ki… Cinayət də kütləvi şəkildə edilməyib. Çünki pullar daha yuxarı mənbələrə və daha böyük şəxslərə gedib çıxıb, nəinki sıravi adamlara. Düzdür, sıravi adamlar iş görüblər, vasitə və  təzyiq edənlərdən biri olublar. Yəni, yeri gələndə icraçı funksiyasını daşıyıblar. Bildiyim qədəriylə, bir icraçı artıq həbsdədir. Növbətisiylə bağlı hələki xəbər yoxdur”-, deyə o bildirib.

 İşdən azad olunan təhlükəsizlik xidmətinin əməkdaşlarına ölkədən çıxışına qadağa qoyulmamasına da münasibət bildirən İlham İsmayıl qeyd edib ki, təhlükəsizlik orqanlarında bununla bağlı qadağa yoxdur: “Çünki Azərbaycanda atom bombasıyla məşğul olan nə fizikimiz, nə də xüsusi xidmət orqanının işçisi var. Oki qaldı xırda dövlət sirlərinə,  xidməti fəaliyyəti dövründə məxfi sirlərin əldə olunmasna, əməkdaşlar işdən azad edildikdə sənədə imza atırlar ki, harda və kimliyindən asılı olmayaraq,  heç bir şəkildə nə şifahi, nə də yazılı şəkildə sirri açmayacaq, açarsa müvafiq qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb ediləcəklər”.

 Qeyd edək ki, iddialara görə, adı “MTN işi”ndə hallanan və ya hallanmaq ehtimalı olan xeyli sayda sabiq MTN əməkdaşı müalicə adı ilə ölkəni tərk etməyə başlayıb.

Onların həkimlərdən ağır xəstə olduqları və müalicələrinin yalnız xaricdə mümkün olması ilə bağlı saxta tibbi arayışlar aldıqlarını bildirən mənbənin sözlərinə görə, MTN-də çalışdıqları dönəmdə qanunsuz yolla kifayət qədər sərvətə malik olan bu şəxslər istintaq və məhkəmə prosesi zamanı məsuliyyətə cəlb ediləcəklərindən ehtiyat etdikləri üçün müalicə bəhanəsi ilə ölkə hüdudlarını tərk etməkdədir. Onların məqsədi getdikləri dövlətlərdən oturum almaq, daha sonra əllərindəki kapital hesabına bu ölkələrdə bizneslə məşğul olmaqdır.

Mənbənin məlumatına görə, sabiq MTN-çilərin ölkədən qaçmasının digər bir səbəbi isə artıq Azərbaycanda qalmağı özləri üçün nəinki perpektivli, həm də təhlükəli hesab etmələridir. Belə ki, MTN-də çalışdıqlar müddətdə əsassız yerə yüzlərlə insanı incidən, onların pulunu əlindən alan, həmin insanları fiziki zorakılığa məruz qoyan bu şəxslər işgəncə verdikləri insanların intiqamından məhz MTN qalxanı vasitəsi ilə sığortalanırdı. Bu gün həmin qalxandan da məhrum olan sabiq MTN-çilər Azərbaycanı tərk etməklə qazandıqları saysız-hesabsız insanların intiqamından da xilas olmağa çalışır.

Mənbənin bildirdiyinə görə, qaçan MTN-çilər arasında bəzi yüksək çinlilərlə yanaşı, müstəntiq və əməliyyatçılar da var.

Gülnaz Qənbərli

Gununsesi.info