İlqar Məmmədov dördüncü doğum gününü də həbsdə yola saldı -AİLƏSİ MƏYUSDUR

  • By admin
  • 16 İyun 2016 09:45
ilqar
Həbsdə olan REAL sədri İlqar Məmmədovun iyunun 14-də 46 yaşı tamam olub. 4-cü dəfə doğum gününü məhbəsdə qeyd edən vicdan məhbusunun ünvanına sosial şəbəkələrdə çoxsaylı təbrik mesajları ünvanlanıb. REAL sədri ilə bağlı tərəfdarlarının həbsxanaya göndərdikləri məktubların ona çatdırılmasına icazə verilməyib.
Amma bununla belə Məmmədov vəkili vasitəsilə onu təbrik edən hər kəsə təşəkkür edib. Bu barədə onunla görüşən müdafiəçisi Cavad Cavadov öz feysbuq səhifəsində status paylaşıb: “Bu gün İlqar Məmmədova 2 saylı cəzaçəkmə müəssisəsində ad gününü, özümün zümzümə etdiyim ”happy b-day” mahnısının sədaları altında təbrik etmək və söhbətləşmək imkanım oldu. İlqar bəy onu təbrik edən bütün dostlara, ad günü ilə bağlı başladılmış kompaniyada əziyyət çəkənlərə minnətdarlığını bildirdi”.
REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova növbəti doğum gününü onunla birlikdə qeyd edəcəklərinə inandıqlarını bildirdi: “Bu illər bizim üçün asan keçmədi. Hamımız üçün ağır illər oldu. İlqar həbsdə olandan doğum gününü dostlarla birlikdə qeyd edirik. Bu dəfə də REAL-ın ofisində dostlarla birlikdə ad gününü keçirdik. Doğum günündə onun yanına gedə bilmədik. Çünki keçən həftə getmişdik. İnanıram ki, gələn doğum gününü İlqar ailəmizlə, dostlarla birlikdə qeyd edəcək. Həmişə olduğu kimi, bir çox beynəlxalq təşkilatlardan, siyasilərdən çoxsaylı təbrik mesajları gəldi. Özü zəng edə etmədi, vəkili getmişdi deyə. Yəqin yaxın günlərdə zəng edəcək”.
V.Məmmədova yaxın vaxtlarda REAL sədrinin işindən kassasiya şikayətinin veriləcəyini də söylədi:“Özünün vəziyyəti yaxşıdır. Hər şey hazırda qaydasındadır. Apelyasiya Məhkəməsinin sonuncu qərarından yaxın günlərdə Ali Məhkəməyə vəkillər tərəfindən şikayət ediləcək”.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı rayonunda kütləvi etiraz aksiyası ilə bağlı hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, xuliqanlıq ittihamları ilə həbs edilib. 2014-cü ilin martın 17-də 7 il müddətinə azadlıqdan məhrum edilib. 2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb.