
Bu yaxınlarda həbsdən azadlığa çıxan REAL lideri İlqar Məmmədov özünün acebook səhifəsində təmizləmə aparıb.
Gununsesi.org İlqar Məmmədovun özünə istinadən xəbər verir ki, bununla bağlı REAL sədri bu addımını Rauf Arifoğlunun lkə başçısından medal alması ilə əsaslandırıb: “ Rauf Arifoğludan başladım, “Yeni Müsavat” qəzetinin redaktorundan. “Friend”lərdən belələri varsa və mən hələ bilmirəmsə, bir zəhmət, özləri çıxsın”.
“Yeni Müsavat” rəhbərinin isə REAL liderinə cavabı gecikməyib.

Rauf Arifoğlunun fikirlərini təqdim edirik:
Məni dostluğundan çıxartdı.
İlqar Məmmədovun türmədən çıxandan bəri ən böyük ictimai-siyasi addımı budur.
Zati-möhtərəm haqqımda bu cümlələri ifadə edib: “İlham Əliyevdən orden-medal almış bütün siyasi şəxsləri sosial şəbəkədə friend siyahımdan çıxarıram. Rauf Arifoğludan başladım, “Yeni Müsavat” qəzetinin redaktorundan. Friendlərdən belələri varsa və mən hələ bilmirəmsə, bir zəhmət, özləri çıxsın”.
Bu adamdan heç zaman normal bir şey gözləməmişəm. AMİP-də olanda da, sonra da. Adam bir siyasi ipləmədir. Onurğası sındırılmış, təəhhüd götürərək, siyasətdəki daha yekə Məmmədovun öhdəliyinə buraxılmış birisindən nə gözləmək olardı ki…
Amma məntiq və faktla baxdıqda, İlqar Məmmədov təmizləmə işinə türmədən çıxan kimi başlamalı idi. Və məndən, Facebook dostluğunda olan “medalçılar”dan deyil, ən yaxınında olanlardan, ona gerçəkdən və hərmənalı xəyanət edənlərdən… Onlara kameralar önündə sarılanda, mən onsuz da ona qiymət biçmişdim…
Onun üstündə haqqımız var. 5 il 6 ay ərzində “Yeni Müsavat” Allahın hər günündə ona dəstək oldu. Müxbirlərimiz, redaktorlarımız dəfələrlə Şəkiyə qədər, məhkəmələrinə gediblər. Ona xəyanət edən yaxınlarının acısını yaşadığı o əzablı günlərdə, hansında ki, məlumatları yeni almışdı və canı-ruhu acıyırdı, biz onun adını və əlini buraxmadıq. Əməkdaşımız Cavanşir Abbaslı mənim tapşırığımla bu illər ərzində hər gün onunla bağlı xəbər və müdafiə mətnləri hazırladı. Mən də bəzi müqavimətlərə, təhlükə və xəbərdarlıqlara baxmayaraq, israrla və son günə qədər onu müdafiə etdim.
Beləyəm. Darda olana hər zaman əl uzadaram, dayaq və dəstək olaram. Reklam etmədən, yaymadan, qarşıdakını əzmədən. Bir Allah bilsin, o da yetər.
Gununsesi.org












