“İntellektual gəncliyin BANM-də təhsil almağa üstünlük verməsi çox qürurvericidir” - Rektor

  • By admin
  • 12 Oktyabr 2016 11:09

c61caa088430b15cfdcf9bb09d7a3338

Bakı Ali Neft Məktəbində (BANM) bu tədris ilində yüksək nəticə göstərərək Ali Məktəbə qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüş keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya bildirilib ki, rektor Elmar Qasımov BANM-in Prezident təqaüdçüsü adını qazanan tələbələrinə nailiyyətlərinin davamlı olmasını arzulayıb. Rektor bildirib ki, rəhbəri olduğu Ali məktəb hər bir tələbəsinə həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni uğurlar əldə etməyə hər zaman dəstək olur. Elmar Qasımov Azərbaycanın intellektual gəncliyinin məhz BANM-də təhsil almağa üstünlük verməsinin çox qürurverici və Ali Məktəb üçün mühüm hadisə olduğunu vurğulayıb.

Xatırladaq ki, 2016/2017-ci tədris ilində Azərbaycan universitetlərinin reytinq birincisi olan Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan tələbələrin içərisindən 685-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si yenə də BANM-in tələbələridir.

2016/2017-ci tədris ilində ali məktəblərə keçirilən qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi orta bal 667, maksimum nəticə 700 bal olub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan hər iki tələbə Bakı Ali Neft Məktəbini seçib.

Gununsesi.info