İrəvanda Rusiyaya qarşı mitinq hazırlanır

  • By admin
  • 10 İyun 2016 17:26
anti russia protests
İrəvanda Rusiya əleyhinə mitinq keçiriləcək. Gununsesi.info xəbər verir ki, etiraz aksiyasına səbəb İrəvanın Moskva ilə Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsinə dair bağlanan müqavilədir. Ermənistan əhalisi müqavilənin imzalanmasına qarşı çıxır. Rusiya əleyhinə aksiya iyunun 13-nə planlaşdırılır.
Etiraz aksiyası “Vətəndaş təşəbbüsü” qrupu tərəfindən təşkil edilir. Ermənistan parlamentinin qarşısında keçiriləcək aksiyada “Biz bu ölkənin sahibiyik” şüarları səsləndiriləcək.
Təşəbbüs qrupunun bəyanatında deyilir: “Hazırda müharibə təhlükəsi çox böyükdür. Amma müttəfiqliyə layiq olmayan və etibarsız Rusiya Azərbaycana silah satmağa davam edir. Ona görə də belə bir razılaşmanın təsdiqi xəyanətdir. Ermənistan özünü və Qarabağın təhlükəsizliyini xarici dövlətin öhdəsinə verir. Bu ağır hərbi cinayətdir. Azərbaycana silah satan Rusiya şəxsi maraqlara əsaslanaraq Ermənistanı yenə müdafiə etməyəcək. Artıq bu gün Rusiyanın ekspertləri bildirirlər ki, Hava Hücumundan Müdafiə sistemlərinin istifadəsi haqqında qərarlar rəsmi Moskvanın komandirləri tərəfindən veriləcək”.
İyunun 13-də Ermənistan parlamentində İrəvan və Moskvanın Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin birləşdirilməsi ilə bağlı müzakirələr keçiriləcək.
Ümumilikdə hərbi qüvvələrin birləşdirilməsinə Ermənistan hökuməti müsbət yanaşır. Ötən gün xarici işlər nazirinin müavini Şavarş Koçaryan jurnalistlərə açıqlamasında deyib ki, Rusiya Ermənistanın Hava Hücumundan Müdafiə qüvvələrini gücləndirəcək.
Koçaryan deyib ki, Ermənistanın HHM qüvvələri hazırda istənilən imkanlara malik deyil. Ermənistan və Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi barədə müqavilə ötən ilin dekabr ayında imzalanıb.
Müqaviləni Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Seyran Ohanyan  imzalayıblar. (Anspress)