İradə Cavadovanın apellyasiya şikayəti rədd edildi - TANINMIŞ VƏKİL AVROPA MƏHKƏMƏSİNƏ GEDİR

  • By admin
  • 25 İyun 2019 13:40

Bu gün Bakı Apellyasiya Məhkəməsində tanınmış vəkil İradə Cavadovanın apellyasiya şikayətinə baxılıb.

Gununsesi.org xatırladır ki, İradə Cavadovanın  vəkillik fəaliyyətinə Xəzər Rayon Məhkəməsində xitam verilib.

Həmin qərardan şikayət verən tanınmış vəkil Bakı Apellyasiya Məhkəməsində ədalətsizliyin aradan qaldırılmasına çalışsa da buna nail ola bilməyib.

Saytımıza açıqlamasına İradə Cavadova bildirib ki, Bakı Apellyasiya Məhkəməsi qanunsuz olaraq şikayətini təmin etməyib.

Vəkil hüquqlarının bərpası üçün Avropa İnsan Hüquqları Məhkəməsinə gedəcəyini də deyib.

Xatırladaq ki, İradə Cavadova hüquqlarını müdafiə etdiyi bir qadının qanunsuz həbsini ictimailəşdirdiyi üçün Vəkillər Kollegiyasının qəzəbinə tuş gəlib.

Düzdür, sonradan həmin qadın kollegiyaya ərizə ilə müraciət edərək, İradə Cavadovadan hər hansı bir şikayətinin olmadığını desə də buna məhəl qoyulmayıb.

Bir sıra yerli və beynəlxalq hüquq müdafiə qurumlara İradə Cavadovanın vəkillik fəaliyyətinə xitam verilməsini pisləyib.

İradə Cavadova ölkədə siyasi fəalların hüquqlarını müdafiə edib.

Vəkil İradə Cavadova hesab edir ki, onun vəkillik səlahiyyətlərinin dayandırılması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı sözügedən qurumun intizam komissiyasının qərəzli rəyinə əsaslanıb.

O, cəzalandırılmasının əsassız olmasına dair sübutları məhkəməyə təqdim etsə də müsbət nəticə ala bilməyib.

Gunay Təhməzova 

Gununsesi.org