İran vətəndaşına Azərbaycanda 9 il 6 ay həbs verildi

  • By admin
  • 27 Mart 2018 15:18

 

İran vətəndaşı, 49 yaşlı Gonbari Albari Ahad Abbas oğlu Azərbaycana psixotrop maddələr gətirməkdə təqsirləndirilərək 9 il 6 ay azadlıqdan məhrum edilib.

Gununsesi.info xəbər verir ki, martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb. O, CM-nin 234.4.3-cü (külli miqdarda narkotik və psixotrop maddələrin daşınması, saxlanması, əldə olunması) maddəsi ilə təqsirli bilinib.

Hökmdən əvvəl prokuror çıxış edərək, İran vətəndaşına 10 il 6 ay azadlıqdan  məhrumetmə cəzası istəyib. Ardınca Gonbari Albariyə məhkəmədə son söz demək  təklif olunub. Amma o, son söz deməkdən imtina edib.

Qeyd edək ki, Gonbari Albari psixotrop maddənin həm satışında, həm də istifadəsində ittiham edilir.

İran vətəndaşı ittihama münasibət bildirərkən özünü qismən təqsirli bilib. Dediyinə görə, özü psixotrop maddənin istifadəçisi olsa da, satışıyla məşğul olmayıb. Onun sözlərinə görə, tutularkən cibindən tapılmış maddə dərman kimi istifadə olunur və İranda apteklərdə açıq şəkildə satılır: “Mən bilmirdim ki, o, Azərbaycanda psixotrop maddələr siyahısındadır”.

Gülər

Gununsesi.info