İranda koronavirus yayıldı: İraq sərhədlərini bağladı

  • By admin
  • 21 Fevral 2020 19:56

İranın Qum şəhərində daha 3 nəfərdə koronavirus tapılıb. Bundan əvvəl də həmin şəhərdə iki nəfərin bu virusa yoluxduğu xəbər verilirdi.

Gununsesi.org xəbər verir ki, IRNA dövlət xəbər agentliyi Tehranın 140 kilometrliyində yerləşən Qumda bütün məktəblərin, o cümlədən, şiə seminariyaları da daxil bütün ali məktəblərin bağlandığını yazıb.

Virusun yayılmasından ehtiyat edən qonşu İraq sərhəd keçidlərini bağlayıb və İrana bütün uçuşları dayandırıb.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə, bununla  ölkədə COVID-19 virusuna yoluxanların sayı 5-ə çatıb. Fevralın 19-da bu virusdan ölmüş iki iranlı da sözü gedən 5 yoluxma halına daxildir. İran səhiyyə nazirinin müavini Məhəmməd Mehdi deyib ki, virusa yoluxanların heç birinin çinlilərlə birbaşa təmasının olduğu düşünülmür. Hakimiyyət orqanları hazırda virusun bu beş nəfərə hansı yolla yoluxduğunu müəyyənləşdirməyə çalışır. Versiyalardan biri də budur ki, virusu müqəddəs şəhəri ziyarət etmək üçün xaricdən gələn zəvvarlar gətirə bilərdilər.

Çindən evakuasiya edilmiş 60 iranlı tələbə 14 günlük karantindən sonra heç bir sağlamlıq problemi olmadan evlərinə buraxılıb.

Gün ərzində Azərbaycan-İran sərhədindən 8 000-ə yaxın insan keçir. Virusun Azərbaycana yayılma təhlükəsi varmı? Azərbaycanın baş infeksionisti Cəlal İsayevin sözlərinə görə, İranda koronavirus Çindəki kimi epidemiya halını alsa, o zaman vəziyyət ciddi nəzarət altına alına bilər. Onun sözlərinə görə, ölkədə bu gün də vəziyyət nəzarət altındadır, lakin yenə də İrandan Azərbaycana koronavirusun keçmə ehtimalı yoxdur: “Ona görə də hələlik İrandan Azərbaycan üçün təhlükə olacağını gözləmirəm. Çünki xəstələnmiş insanların hamısı nəzarət altında saxlanılır və yoxlandıqdan sonra buraxılır”.

Mütəxəssis həmçinin qeyd edib ki, Azərbaycanda vəziyyət stabildir və heç bir şübhəli fakt yoxdur: “Bütün sərhəd keçid məntəqələrində vəziyyət ciddi nəzarət altındadır. Koronavirusun yayıldığı ərazilərə gedərkən xəstə insanlarla təmasdan qaçmaq lazımdır. Əgər təmas məcburiyyəti olarsa belə qoruyucu maskalardan istifadə zəruridir. Müntəzəm şəkildə əllər yuyulmalı, yoxlanılmış qida məhsullarından istifadə edilməli və gedəcəkləri ərazi haqqında əvvəldən məlumatlı olmalıdırlar”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi ötən gün İranda koronavirusa yoluxma və ölüm halı aşkarlanması ilə əlaqədar Azərbaycanla İran arasındakı gömrük-sərhəd buraxılış məntəqəsində profilaktik tədbirlər ciddi şəkildə davam etdirilməsi ilə bağlı məlumat yaymışdı. Bildirilirdi ki, koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə Komitənin müvafiq sərəncamlara əsasən, postlar tibbi ləvazimatlarla təmin olunub. Azərbaycan ərazisinə gələn yük-nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlər xüsusi cihazlar vasitəsilə yoxlanılır. Sərnişin-nəqliyyat və piyada xəttində stasionar termovizor qurğuları quraşdırılıb. Həmin termovizor qurğularının yanında müfəttişlər 24 saat fəaliyyət göstərir. Bu aparatlar səyahətçilər arasında hərarət yüksəkliyi görünərsə, dərhal siqnal səsi verir və birbaşa Səhiyyə Nazirliyi, eləcə də təcili-tibbi yardım xidmətinə məlumat verilir.

Komitənin açıqlamasına görə, bu tədbirlər nəticəsində bu günə kimi yüksək hərarəti olan 3 İran, 1 Rusiya və 1 Malayziya vətəndaşı aşkarlanıb və tibbi yardım xidmətinə təhvil verilib. Rayon xəstəxanasında yoxlanışdan keçdikdən sonra vətəndaşlara adi soyuqdəymə diaqnozu qoyulub.

Ən son məlumata görə görə hazırda dünya boyunca koronavirusa 76221 nəfər yoluxub, onlardan 2247-si vəfat edib. Yoluxma hallarının böyük əksəriyyəti Çində qeydə alınıb. Bu virus ilk dəfə Çinin Vuhan şəhərində, dekabr ayında yayılmağa başlayıb.