ABŞ və Çin arasında süni intellekt üzrə dialoq yaradılır

  • Müəllif: Firuzə
  • 21 Sentyabr 2026 22:49

ABŞ və Çin süni intellekt sahəsində, o cümlədən təhlükəsizlik məsələləri üzrə dialoqa başlamaq barədə razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir bildirib.

O bildirib ki, ABŞ və Çin rəsmilərinin Nyu-Yorkda keçirdiyi son danışıqlarda süni intellekt və bu texnologiya ilə bağlı risklərin idarə olunması əsas mövzulardan biri olub.

“Mən bunu demək olar ki, qaynar rabitə xətti kimi təsəvvür edirəm. Soyuq müharibə dövründəki “qırmızı telefon” yada düşür. Hər hansı insident və ya məsələ yarandıqda tez bir zamanda dialoq aparmaq mümkün olmalıdır”, – Qrir bildirib.

Onun sözlərinə görə, məsələ yalnız fövqəladə rabitə kanalının yaradılması ilə məhdudlaşmır və tərəflər dünya iqtisadiyyatını dəyişdirəcək yeni texnologiya ilə bağlı daha geniş qarşılıqlı əlaqə imkanlarını nəzərdən keçirirlər.

Qrir onu da qeyd edib ki, milli təhlükəsizlik məsələləri nəzərə alınmaqla ABŞ-ın belə dialoq çərçivəsində hansı məlumatları paylaşmağa hazır olduğu hələ müəyyənləşdirilməlidir.

ABŞ tərəfi süni intellektlə bağlı mümkün böhran vəziyyətləri üçün ayrıca məlumatlandırma və kommunikasiya mexanizminin yaradılmasını da təklif edib.