ABŞ və İran arasında növbəti danışıq raundunun iyunun 5-də keçirilməsi gözlənilir.
Gununsesi.info xəbər verir ki, bu barədə Əl Hadath məlumat yayıb.
Məlumata görə, tərəflər yekun məsələlərin müzakirəsini aparacaqlar.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltanın sözlərinə görə, ABŞ–İran münasibətləri yalnız iki ölkə arasındakı problemlərin aradan qaldırılması ilə məhdudlaşmır.
O qeyd edib ki, bu məsələ bölgə dövlətlərinin ABŞ, İsrail və İranla münasibətlərini, həmçinin Çin–ABŞ münasibətlərini də əhatə edən mürəkkəb bir düzəndir.
“Buna görə də məsələnin qısa müddətdə və asan şəkildə həll olunmaması təəccüblü deyil.
Digər tərəfdən, hazırkı durum Məhəmməd Rza Şah Pəhləvinin hakimiyyətinin son dövrünü xatırladır. Həmin vaxt Pəhləvi ABŞ-nin dəstəyini qorumaq üçün Vaşinqtonun bütün tapşırıqlarını yerinə yetirirdi. Lakin sonradan ABŞ ona gözlənilən dəstəyi vermədi. Hazırkı ABŞ–İran münasibətləri isə bunun əks nümunəsi kimi qiymətləndirilir.
Hazırda ABŞ və İran əməkdaşlıq imkanlarını və gələcək fəaliyyət istiqamətlərini müzakirə edir, qarşılıqlı anlaşmaya nail olmağa çalışırlar. Bu razılaşma gələcəkdə ABŞ ilə İran arasında anlaşma memorandumunun imzalanmasına da səbəb ola bilər. Həmin mərhələ keçilərsə, iki ölkə arasında əməkdaşlığın başlanması və ya bərpası istisna edilmir.
Bu, adi növbətçi bəyanat hesab olunmur və məsələ kifayət qədər ciddidir. Çünki hazırda İran daxilində iqtisadi və ictimai durum ağır olaraq qalır. Xüsusilə neft sahəsində ciddi böhran müşahidə edilir. ABŞ ilə hərbi qarşıdurma baş verməsə belə, tətbiq olunan sanksiyalar İran iqtisadiyyatını ağır böhran və iflas təhlükəsi ilə üz-üzə qoyur. Bu isə ölkə daxilində rejimə qarşı narazılığın daha da artmasına səbəb ola bilər”.
Şəbnəm Rəhimova












