İsa Qəmbərin 63 yaşı tamam oldu

  • By admin
  • 24 Fevral 2020 12:12

Bu gün milli-azadlıq hərəkatının liderlərindən biri olan İsa Qəmbərin 63 yaşı tamam olur.

Gununsesiaz.info xəbər verir ki, İsa Qəmbər fəal siyasətə 1988-ci ildən qoşulub. 16 iyul 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, ilk İdarə Heyətinin üzvü, 1990-1991-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra isə sədr müavini olub.

1992-ci ildə Müsavat Partiyasının bərpa mərkəzi yaradılıb və İsa Qəmbər ona rəhbərlik edib. 1992-ci ilin noyabr ayında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib və İsa Qəmbər partiyanın başqanı seçilib. 2014-cü ildə partiya başqanlığından uzaqlaşıb.

2003-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində yaradılmış Bizim Azərbaycan Blokunun təsisçilərindən biri olub.

İ. Qəmbər siyasi proseslərə 1985-ci ildə gənc aspirant olarkən erməni millətçisi, publisist Zori Balayanın “Ocaq” kitabına yazdığı cavabla başlayıb. Ondan üç il sonra İsa Qəmbər 1988-ci ildə başlayan xalq hərəkatına qoşulub və qısa zamanda hərəkatın, dövrün qüdrətli siyasi təşkilatı AXC-nin əsas aparıcı simalarından birinə çevrilib.

İsa Qəmbər 1992-ci ildə Ali Sovetin sədri və prezidentin səlahiyyətlərinin icraçısı olub.

Hazırda Milli Strateji Düşüncə Mərkəzinə rəhbərlik edir.

Gununsesiaz.info