
Havalar soyuyanda hamımız isti içkilərə, xüsusən də çay və qəhvələrə üstünlük veririk.
Gununsesi.info-nun xəbərinə görə, İran alimləri iddia edirlər ki, həddindən çox isti çay içmək qida borusunda xərçəng xəstəliyinin yaranma riskini artırır. Qida borusu xərçəngi hər il dünya üzrə yarım milyon insanın ölümünə səbəb olur.
Britaniya Tibb Jurnalında dərc edilmiş araşdırmaya əsasən, Selsium cədvəli ilə 70 dərəcə və ondan çox temperaturda çay içmək riskin 8 dəfə artmasına səbəb ola bilər. Ekspertlər deyirlər ki, bu, qeyri-qərb ölkələrində xərçəngin, məhz, bu növünün niyə daha çox yayıldığını izah edə bilərlər.
Bir çox Qərb ölkələrində çaya süd qatırlar ki, bu da içkinin temperaturunu tələb olunan qədər azaldır.
Avropa və Amerikada bu xəstəliyin əsas səbəbinin spirtli içkilər olduğu düşünülürdü. Amma dünyanın başqa yerlərində xərçəngin bu növünün niyə belə yayılmasının səbəbi isə qaranlıq idi.
İranın şimalındakı Gülüstan əyaləti qida borusu xərçənginə görə, dünyada birinci yeri tutur. Lakin burada siqaret çəkənlər azdır, içki içən isə demək olar ki, yox dərəcəsindədir. Lakin buna baxmayaraq, hətta qadınlar arasında da qida borusu xərçəngi geniş yayılıb. Bu regionda isti çay içmək adi bir haldır. Burada gündə bir litrə kimi çay içənlər var.
Britaniyanın Xərçəng Xəstəliyi Tədqiqatları Fondunun tədqiqatçısı Oliver Çayldz deyir ki, mütəmadi olaraq isti çay içmək və isti yeməklər yemək, qida borusunun səthində iltihab prosesinə səbəb ola bilər və xərçənglə nəticələnə bilər.
Gülnaz Qənbərli
Gununsesi.info











