İzmirdə “Bakı” parkları salınacaq

  • By admin
  • 09 İyul 2016 11:13

izmir

 

Türkiyənin ”Palmalar şəhəri”ndə Azərbaycan və Bakı adına yeni parklar salınacaq. Gununsesi.info-ya bu haqda Dünya Azərbaycanlıları Konqresinin sədri dr. Asif Kurban söyləyib. Onun sözlərinə görə, Bakı şəhərində İzmir küçəsi, İzmir parkı və sair qardaş şəhərin adını daşıyan ünvanlar var. Amma təəssüf ki, İzmirdə bunun qarşılığı hələ də yoxdur: “Sevindirici haldır ki, bu “birtərəfliyə” son qoyulmaqdadır. Artıq İzmirin Balçova rayonunda – dəniz kənarı boyunca 2 kilometrlik bir ərazidə Bakı parkı salınacaq. Hətta parkın plan-layihəsi də hazırdır və bu istiqamətdə işlərə başlanılıb”. A.Kurban bildirib ki, adıçəkilən parkda ölkəmizlə, paytaxtımızla bağlı mühüm məqamları, mədəniyyətimizi, tariximizin şanlı və faciəvi səhifələrini, görkəmli şəxsiyyətlərimizi detallı təqdim etməyə çalışacağıq: “Daha bir xoş xəbər də var. Belə ki, İzmirin göydələnlər məkanı olan Bayraqlı bələdiyyəsi ərazisində – dəniz kənarında böyük bir Azərbaycan parkı salmaq da plandadır. Bələdiyyə sədri Hasan Karabağ da Azərbaycan kökənlidir, vaxtı ilə babaları Qarabağdan Türkiyəyə köç ediblər. Məhz Hasan bəylə görüşlərin nəticəsi olaraq, həmin bölgədə Azərbaycan parkının açılmasını söz verib. Azərbaycan dostluq parkı adlanacaq bu ərazidə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidənin də qoyulması nəzərdə tutulub. Ərazidə parkın təyinatına uyğun olaraq xüsusi muzey tipli tikilinin də inşası gözlənilir. Artıq yer ayrılıb və hazırda sənədləşmə prosesi aparılır”-, deyə o bildirib. DAK sədri dr. Asif Kurban bu sahədə təşəbbüslərin daha da artırılmasını, yeni layihə və tədbirlərin görüləcəyini də söyləyib. O, bu istiqamətdə Azərbaycandan da hər zaman mənəvi dəstəyə ehtiyacı olduğunu da gizlətməyib.

 

Gülnaz Qənbərli