Jurnalistin ölümünə görə həbs edilən futbolçu azadlıqda - MƏHKƏMƏ QƏRARI

  • By admin
  • 12 Oktyabr 2016 17:01

cavid-10

Mərhum jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən “Qəbələ” futbol klubunun sabiq futbolçusu Cavid Hüseynov azadlığa buraxılıb.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda  onun vəkili Adəm Məmmədov məlumat verib.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi keçirlib.

Məhkəmədə C. Hüseynovun apellyasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb.

Onu da qeyd edək ki, Rasim Əliyevin 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər – Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum olunub.

Gülnaz Qənbərli

Gununsesi.info