“İstilik təchizatı üzrə tariflərin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyəcəyik” - Rafiq Əliyev

  • By admin
  • 12 Oktyabr 2016 17:08

azeristilik

Cari ilin 9 ayı ərzində “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi (İB) qarşısında əlavə olaraq 8 milyon 416 min manat həcmində debitor borcu yaranıb.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib. Qurum rəsmisi bildirib ki, “Azəristiliktəchizat” ASC sərf etdiyi qaz üzrə təxminən 35-38 faiz səviyyəsində ödəniş edir.

Bəs görəsən “Azəristiliktəchizat” ASC öz debitor borcunu necə ödəyəcək? Borcun ödənişi üçün əlavə vəsaitin toplanması baxımından istilik təchizatı üzrə tariflərin artırılması üçün Tarif (Qiymət) Şurasına müraciət ediləcəkmi?

“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev əməkdaşımıza bildirib ki, “Azəristiliktəchizat”ın “Azəriqaz”a 8,4 milyon manat əlavə borcu yaranması ilə bağlı yayılan məlumatla tanış deyil: “Amma onu deyə bilər ki, “Azəristiliktəchizat”ın bütün qazanxana və məntəqələri tam olaraq qışa hazır vəziyyətdədir. Noyabrın 15-də etibarən mənzillər istilik sistemi ilə təmin olunacaq. Debitor borc məsələsinə gəlincə yəqin ki, bu rəhbərlik səviyyəsində danışılıb həll olunacaq”- deyə,o, qeyd edib.

R. Əliyevin sözlərinə görə, ASC hər il hesabat hazırlayıb aidiyyəti qurumlara təqdim edir: “Əhaliyə göstərilən xidmətin qiymətinin qaldırılması və ya aşağı salınması sırf Tarif (Qiymət) Şurasının səlahiyyətlərinə aiddir. Yəni biz müraciət etsək də, etməsək də bizim onlara göndərdiyimiz hesabatlardan özləri bunun görürlər. Yəni əhaliyə göstərilən xidmətin qiymətinin artırılması bu dövlət səviyyəsində həll olunan bir məsələdir. Şura məsləhət görəndə tarifi qaldırılar. Amma qiymətlərin qaldırılması ilə bağlı bizim tərəfdən adıçəkilən şuraya müraciət olunmayıb”.

Xatırladaq ki, ötən il də analoji debitor borc məsələsi üzündən ciddi problemlər yaranmışdı. Hətta, dekabr ayında “Azəriqaz” istehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev demişdi ki, 2015-ci il üçün “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu 8 milyon 400 min manata yaxındır. Bu il üçün artıq bu məbləğin 3 milyon manatı ödənilib. Dekabr ayında borcun yerdə qalan hissəsi yəni, 5 milyon manat ödənilməlidir. Bundan sonra qazanxanalara mavi yanacağın verilməsidə məhdudiyyət olmayacaq: “Hər il “Azəristiliktəchizat”a 13 milyon manatlıq qaz verilir. Hər il bu qaz həcmi artan templə davam edir. Ümumi borc isə hər iki qurum tərəfindən müəyyənləşdirilən qrafikə uyğun olaraq hissə-hissə ödəniləcək”.

Anar

Gununsesi.info