Kərəm Həsənovun daha bir qanunsuzluğu şikayət

  • By admin
  • 15 İyun 2016 16:27

“Azərenerjitikintiquraşdırma” ASC-nin kollektivi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu müəssisənin başına gətirdiyi “oyunlar”la bağlı Arqument.az saytına müraciət ünvanlayıb. Gununsesi.info xəbər verir ki, müraciətdə Əmlak Məsələləri üzrə Dövlət  Komitəsinin sədri Kərəm Həsənovun şirkətin başına açdığı oyunlardan, həmçinin komitə sədrinin yol verdiyi qanunsuzluqlardan bəhs olunur:

“Azərenerjitikintiquraşdırma” Dövlət Tresti 1939-cu ildə energetika obyektlərinin tikintisi və quraşdırılması sahəsində Tikintiquraşdırma tresti kimi fəaliyyətə başlayıb. 1998-ci il iyul ayında isə  Dövlət Şirkətinin əsas müəssisə və təşkilatlarının bazasında, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin I Dövlət Proqramına uyğun olaraq “Azərenerjitikintiquraşdırma” Açıq Tipli Səhmdar Cəmiyyəti (Səhmlərin 66% dövlətə,  34% isə səhmdarlara məxsusdur) yaradılıb.

Respublikada fəaliyyət göstərən bütün su və istilik elektrik stansiyalarının əksəriyyəti (Mingəçevir SES, Varvara SES, Sərsəng SES, Araz SES, Şəmkir SES, Yenikənd SES, Əli-Bayramlı DRES, “Azərbaycan” DRES) Səhmdar Cəmiyyətinin idarə və müəssisələri tərəfindən tikilmiş və quraşdırılmışdır. Səhmdar Cəmiyyət energetika obyektləri ilə yanaşı, çoxlu sayda hidrotexniki obyektlər, qurğular, sosial-ictimai təyinatlı obyektlər və yaşayış evləri tikərək istifadəyə verilib.

Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2010-cu il tarixli 839 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq və Əmlak Məsələləri Dövlət  Komitəsinin 30 avqust 2010-cu il tarixli 263 nömrəli sərəncamı ilə “Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilıb.

Əmlak Məsələləri Dövlət  Komitəsinin yuxarıdakı sərəncamından sonra Səhmdar Cəmiyyətin vəziyyəti daha da pisləşıb. Belə ki, Səhmdar Cəmiyyətə ƏMDK-i öz işçisini sədr təyin etmiş, bütün səlahiyyəhətləri öz əlində cəmləşdirmişdir. 2012-ci ilin avqustundan məqsədyönlü şəkildə Səhmdar Cəmiyyətin fəaliyyəti dayandırılmış, işçiləri qanunsuz olaraq öz hesabına ödənişsiz məzuniyyətə buraxılmışdır. Səhmdar Cəmiyyətin işçilərinə çatası əmək haqqı, kompensasiyalar və dividentlər bu günə kimi ödənilməmişdir.

Dəfələrlə Prezdent İlham Əliyevə Səhmdar Cəmiyyətdəki problemlərlə əlaqədar müraciət etmişik, baxılması üçün Əmlak Məsələləri Dövlət  Komitəsinə göndərilmişdir, lakin bu günə kimi yalan vədlərdən başqa heç nə verməyiblər.

Əmlak Məsələləri Dövlət  Komitəsinə və Əmək Müffətişliyinə istər kollektiv halda, istərsə də fərdi qaydada müraciət etməyimizə baxmayaraq, işçilərə çatası əməkhaqları və digər ödənişlər ödənilməyib. 4 ildən çoxdur, Əmlak Məsələləri Dövlət  Komitəsindən səhmdarlara yazılı olaraq cavab verilib ki, Səhmdar Cəmiyyət investisya müsabiqəsinə açıq elan edilib, özəlləşdirmədən sonra investor tərəfindən sizin əmək haqqı və digər ödənişləriniz ödəniləcək. Ancaq buna baxmayaraq, Səhmdar Cəmiyyətin ən böyük daşınmaz əmlakı və torpaq sahəsi olan 8 km qəsəbəsində yerləşən “Elektrikquraşdırma” və “Santexquraşdırma” idarələrinin daşınmaz əmləkı inzibati binaları, anbarları və  3 hektar torpaq sahəsinin özəlləşməsindən sonra da işçilərə çatası əmək haqqı borcları və digər borclar ödənilməmişdir. Həmin idarələrin daşınmaz əmlakı və 3 hektar torpaq sahəsini kim özəlləşdirib, investor kimdir bizdən gizli saxlanılıb…

Bundan başqa, Səhmdar Cəmiyyətə məxsus çoxlu sayda avtonəqliyyat vasitələri və maşın-mexanizmləri satılmış, yenə də bir qayda olaraq əmək haqqı borcları və digər borclar ödənilməmişdir. Daşınmaz əmləkın özəlləşməsi, avtonəqliyyat vasitələri və maşın-mexanizmləri satılmasına baxmayaraq Səhmdar Cəmiyyətin ümumi yığıncağı çağrılmamışdır. Daşınmaz əmlak, avtonəqliyyat vasitələri və maşın-mexanizmləri bazar qiymətlərindən çox-çox aşağı satılmışdır.

Prezdent İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, vətəndaşların şikayətlərinə vaxtında və yerində baxılsın, yeni iş yerləri  ilə təmin edilsin. Buna baxmayaraq 4 aydan çoxdur ki, Əmlak Məsələləri Dövlət  Komitəsinin sədrinin qəbuluna düşə bilmirik. Müəsissənin işlə təmin edilməsi və digər problemlər həll edilməmiş qalıb.

Səhmdar Cəmiyyətin kollektivi olaraq, bütün bu məsələlər haqqında 2016-ci ilin may ayında yeni yaranmış Azərbaycan Respublikasının Prezdenti yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyevə ərizə ilə müraciət etmişdik. Müraciətimiz yenə də baxılması üçün Əmlak Məsələləri Dövlət  Komitəsinə göndərilıb. Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsi “Azərenerjitikintiquraşdırma” ASC-nin fəaliyyətini 4ildir məqsədyönlu şəkildə tam dayandırmış, daşınmaz əmlakını, maşın-mexanizmlərini, inventarlarını satıb dağıtmış, işçilərini pərən-pərən salmışdır”.

Müraciətdəki iddialarla bağlı Əmlak Məsələləri üzrə Dövlət  Komitəsindən mövqe öyrənmək mümkün olmayıb.