“KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsait artırılmalıdır” - HİKMƏT BABAOĞLU

  • By admin
  • 13 Noyabr 2017 13:02

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan mətbuatına dövlət büdcəsindən maliyyənin artırılması təklif olunub.

Gununsesi.info xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deputat Hikmət Babaoğlu bildirib ki, informasiya təhlükəsizliyinin təminatında, kütləvi informasiya vasitələrinin rolu böyükdür. Bu səbəbdən kütləvi informasiya vasitələrinə maliyyə vəsaitlərinin artırılmasına ehtiyac var.

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycanda çap mediasının saxlanmasına, bu sahənin inkişaf etdirilməsinə görə Prezident yanında KİV-in İnkişafına Dövlət  Dəstəyi Fonduna dövlət tərəfindən maliyyə vəsaiti ayrılır: “Hesab edirəm ki, ayrılan vəsait yetərincə deyil. Ölkə mediasının daha da inkişaf etdirilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsait artırılmalıdır”.

Millət vəkili ali təhsil müəssisələrində təhsil alan fiziki qüsurlu şəxslərin övladlarının təhsil haqqından azad edilməsi və ya digər güzəştlərin tətbiqini də təklif edib. O bildirib ki, sosial evlərin tikintisinə maliyyə vəsaitlərinin ayrılması böyük təşəbbüsdür.

Hikmət Babaoğlu Azərbaycanda aztəminatlı ailələrin, müharibə veteranlarının və valideynləri sağ olan qaçqın usaqların təhsil haqqından azad edilməsinə ehtiyac olduğunu da bildirib: “Onsuz da belə insanların sayı azdır”.

Gununsesi.info