“Koçaryan işi” ilə bağlı 5-ci şahid də öldü

  • By admin
  • 25 Sentyabr 2019 14:43

Ermənistanın keçmiş daxili işlər naziri Ayk Arutunyanın intihar xəbəri böyük ictimai rezonans doğurdu.

Gununsesi.org xəbər verir ki, məsələ təkcə sabiq nazirin intiharıda yox, həmçinin, onun 2008-ci il 1 mart hadisələri zamanı aksiyaları fəal şəkildə yatırması ilə bağlıdır. Həmin hadisələr zamanı 10 nəfər ölmüş, 230 nəfər isə xəsarət almışdı.

Ayk Arutunyan 2008-ci il 1 mart hadisəkləri ilə bağlı hazırda davam edən rezonanslı məhkəmə prosesinin əsas şahidlərindən biri idi. Ermənistan mətbuatı sabiq polis rəisinin bu işlə bağlı prosesdə ölən sayca 5-ci şahid olduğunu yazır.

Belə ki, 2008-ci ildə Milli Təhlükəsizlik Xidmətinin rəisi olan Qorik Akopyan, 2008-ci ildə Robert Koçaryanın mühafizə xidmətinin rəisi olmuş Qriqori Sarkisov və Yerevan polisinin rəis müavini Armen Yeristyan son illərdə müxtəlif səbəblərdən ölmüşdü.  Bundan başqa, 2018-ci ilin noyabrında Vanadzorda Yevgeni Kaçak adlı şəxs qətlə yetirilmişdi. Onun 2006-cı ildən Ermənistan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində snayper kimi işlədiyi və 2008-ci ildə etirazçılara atəş açan əsas şəxslərdən biri olduğu üzə çıxıb.

 

Həmin hadisələr zamanı  Yerevanın Azadlıq meydanında müxalifət üzvlərinin aksiyasının dağıdılmasına göstəriş vermiş Ayk Arutunyanın intiharı isə ittiham tərəfinə Koçaryanı həbsxanaya göndərməyi çətinləşdirəcək amillərdən sayılmalıdır. Çünki verdiyi ifadələrdə Arutunyan mitinq iştirakçılarında silah olması xəbərini və buna görə onlara güc tətbiq olunması barədə göstərişi Koçaranın mühafizə xidmətindən aldığını deyirdi.

 

Hazırda 2008-ci il 1 mart hadisələri zamanı konstitusion quruluşu devirməkdə o zamankı prezident Robert Koçaryan, Baş Qərargah rəisi Seyran Ohanyan, Yerevan qarnizonunun komandiri Yura Xaçaturov və prezident aparatının rəhbərlik etmiş Armen Qevorqyan təqsirləndirilir.

2008-ci ildə müdafiə naziri səlahiyyətlərini icra edən Mikael Arutunyan, İstintaq Qrupunun rəhbəri Vaan Arutunyan isə istintaqdan yayınaraq Rusiyaya sığınıblar.

Gununsesi.org