Konstitusiyanın müdafiəsinə qalxan deputat - YAXUD, QÜDRƏT HƏSƏNQULİYEVİN FİKİRLƏRİ NİYƏ QƏRİBÇİLİYƏ SALINIR?

  • By admin
  • 10 Aprel 2017 18:04

sedr qudret bey

BAXCP lideri, millət vəkili Qüdrət Həsənquliyevin Maliyyə Bazarlarına Nəzarət Palatasına bankların lisenziyasını ləğv etmək səlahiyyəti  verilməsi ilə bağlı fikirləri sosial şəbəkələrin müzakirə mövzusuna çıxarılıb. Bu müzakirələrə diqqət edərkən, millət vəkilinin dediklərinə  mahiyyətdən kənar yanaşmalar və onun guya, ölkə başçısının siyasətinə qarşı çıxması kimi iddialar diqqəti çəkir. Halbuki,  Qüdrət Həsənquliyevin bu fikirləri sahibkarların dəstəyinə, habelə, dövlətin xarici imicinin düşünülməsinə yönəlikdir.

Məlum müzakirələr zamanı millət vəkili Maliyyə Bazarlarına Nəzarət Palatasına bankların lisenziyasını ləğv etmək səlahiyyəti verilməsini hüquqi nihilizm kimi qiymətləndirib: “İnzibati Prosessual Məcəllədə belə bir müddəa nəzərdə tutuldu ki, əgər Nəzarət Palatası hansısa bankı bağlayırsa və məhkəmə də həmin qərarı qanunsuz sayırsa, o qərarı ləğv eləmir. Qanunsuz hesab edir, amma ləğv eləmir. Yəni absurdluq bax, burdadır. Bu, sadəcə, hüquqi nihilizmdir. Bunun əvəzində yalnız kompensasiya ödənə bilər”. Məhz buna görə də millət vəkili burada Konstitusiyanın bir neçə müddəası pozulmasını fakt kimi göstərir.

Bunu demək bəyəm, dövlətçiliyə qarşı çıxmaqdırmı?

Konstitusiya müddəlarına istinad edərək, qanunvericiliyə edilən dəyişikliklərin qanunsuz olduğunu deməklə, millət vəkili həm də bundan sonra Azərbaycana xarici sərmayənin gətirilməsinin mümkün olmayacağına dair həyacan təbili çalıb: “Birincisi, konstitusiyanın 7-ci maddəsində qeyd olunur ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilir – qanunverici, icra və məhkəmə orqanı. Hər biri də öz səlahiyyətləri çərçivəsində müstəqildir, bu da birbaşa yazılır. Bundan başqa, Konstitusiyanın 93-cü maddəsində qeyd olunur ki, qanunverici orqan onların səlahiyyətlərinə aid məsələlərlə bağlı nə qanun, nə qərar qəbul edə bilməz. Yəni qanunverici orqan məhkəməyə necə göstəriş verə bilər ki, qanunsuz hesab etdiyini ləğv etmə?! Beləliklə, biz səlahiyyət həddini aşdıq.

Qüdrət Həsənquliyevin bu fikirləri bir məqama diqqət etməyi vacib edir. Belə ki, Azərbaycan Konstitusiyasının 8-ci maddəsinin dördüncü bəndinə görə, Azərbaycan Prezidenti dövlətin məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.

Bu, o deməkdir ki, parlament bu addımı ilə həm də Prezidentin bu statusunu inkar etmiş olur.

Millət vəkili həmçinin,  haqlı olaraq  Milli Məclisi anti-konstitusion addmlar atmaqda günahlandırıb. Daha bir məqama diqqət edək: Konstitusiyanın 93-cü maddəsinin  dördüncü bəndində yazılır ki, qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.

Bunları dilə gətirməklə Qüdrət Həsənquliyev əsl deputatlıq mövqeyi sərgiləyib.

Bu baxımdan yaxşı olardı ki, bu yöndə müzakirə açanlar məsələnin mahiyyətinə varsınlar. Çünki, söhbət ölkə üçün ciddi məsələdən gedir.

 

Gununsesi.info