Koronavirus sağalacaq, bəs cəhalət? – Fazil Mustafa yazır...

  • By admin
  • 06 Mart 2020 18:24

Bu cür bəlalar bəşəriyyət insanının başına çox-çox gəlib.

Öləni də olub, qalanı da. İnsan zəkası müalicə yollarını tapıb yaşamına davam edib.

Koronavirusdan daha dəhşətlisi heç şübhəsiz ki, cəhalət virusudur.

Bu virusdan qurtulmanın peyvəndi bizim bölgədə uzun əsrlər hələ tapılmayacaq. Hələ tarixi vətənimizin quzeyində yaşayan biz azərbaycanlıların bəxti gətirib ki, babalarımız bizim üçün dünyəvi dövlət modeli qoyub gediblər. Bizim məmləkətdə yaxşı ki, hansısa cahil dini avtoritetin qərarına məhəl qoyan olmayıb. Ən böyük avtoritet olaraq Ümumdünya Səhiyyə Təşkilatının rəyinə baxılıb.

Səhiyyə sistemimizdə hər nə qədər natamamlıqlar olsa da, ən azı hazırda ölkədəki epidemiyaya nəzarət sistemi ixtisaslaşdırılmış bir mərkəzdən gerçəkləşdirilir. Məktəblər dərhal bağlandı, məscidlərdə cümə namazı müvəqqəti olaraq təxirə salındı, konsertlər dayandırıldı.

Xəstəlik əlaməti olanlar dərhal karantin altına alındılar. Bu ərəfədə qarşıdan gələn Novruz Bayramının da kütləvi xarakterli qutlanmasını dayandırmaq vacibdir. Fürsətdən istifadə edib israfçılıqla dolu anormal yas mərasimlərimizi və on-on beş yeməyin eyni vaxtda yeyildiyi anoloqu olmayan vəhşi toy adətlərimizi də sadələşdirmək olardı.

Millətimizi soymaq üçün yaxşı düşünülmüş məkanlardan olan Şadlıq Evlərinin də bu minvalla əhəmiyyəti xeyli azalmış olardı. Bir yarıçılpaq müğənniciyin və ya manısın fonoqramla oxuduqlarının 20 dəqiqəsinə on min manatını gözüyumulu xərcləyən azərbaycanlı tiplərinin canından da bu israfçılıq virusunun karonovirus vasitəsilə çıxması bizim üçün böyük bir şans olacaq.

Üstəlik, toylarda bir səviyyəsiz müğənniciyin və manısın yanına axışaraq şəxsiyyət vəsiqəsinə şəkil çəkdirirmiş kimi üzlərindən mutluluq yağan azərbaycanlı qadın və kişi yüngülqafaları da virus qorxusundan yaxına buraxan olmayacaq. Bu virusun xeyli islahedici təsirləri olacaq kimi görünür. İndi bu müqayisəni köçürək qonşumuz İranın üzərinə.

Diqqət yetirsəniz görərsiniz ki, İran tez tədbir almağı gözardı etdi. İşin ciddiliyini anlayıb uçuşları ləğv eləmədilər. İlk baş verən faktları gizlətdilər. Mən inanıram ki, burada xəstəlik Çinlə paralel getdi, amma üzə çıxarmadılar. Ən qorxulusu, ziyarətgahları vaxtında bağlamadılar… İndi də çoxları qarşı çıxır ki müqəddəs yerlərə gedənlər şəfa tapar, virus-filan yalandır…

Bir əsr 16 il öncə Qacarlar zamanı Kərbəlada vəba yayılıbmış. Nəsirəddin şah Kərbəla yolunu bağlamağı əmr edir. Təəssüf ki, o zamanın din xadimləri, xüsusən ayətullah Həsən Mamağanı camaatı “Kərbəla yolu bağlanmaz” deyib cahil milləti ayağa qaldırır.

Bu fətvadan sonra ziyarət planlaşdırmayanlar belə inada düşüb ziyarətə gedirlər. Nəticədə, xəstəlik İranda da yayılır və millət ağır tələfat verir. Bu hadisə 1904- cü ildə olub. İllər keçib, təxminən bir əsr, bu gün yenə salğın xəstəlik, yenə də “şəfalı” fətvalar…

Ancaq bu qaranlığın içərisində bir ümid işartısı odur ki, artıq bu cür axmaq fətvalar Təbrizdən gəlmir (Mamağan Təbriz ətrafında bir kənddir). Bu salğın xəstəliyin ilk əlamətləri üzə çıxan kimi məktəblərin bağlanması ilə bağlı birinci tələb də Təbrizdən gəlib.

Əvvəlcə oranın məktəbləri bağlandı, daha sonra bütün İranda bu addım atıldı.

Xəstəliklər gələr-gedər…

Dünya nə vəbalar, nə taunlar gördü bu günə qədər.

Amma “cəhalət” xəstəliyinin sağalmağı əsrlər çəkər…

Fazil MUSTAFA

 

 

 

Gununsesi.org