Yanvarın 27-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qırğızıstan və Tacikistan arasında yenidən toqquşma baş verib. Atışma ötən ilin fevralında döyüşlərin baş verdiyi bölgədə qeydə alınıb.
Qırğızıstanın Batken vilayəti ilə Tacikistanın Suqd vilayətinin sərhədində yaşanan toqquşmaya görə tərəflər bir-birini günahlandırır. Qırğızıstanın sərhəd xidməti Tacikistan hərbçiləri tərəfindən Batken-İsfana yolunun bağlanması səbəbindən sərhəddə vəziyyətin gərginləşdiyini bildirib. İki ölkənin sərhədçiləri arasında danışıqlar aparılıb, yol açılıb. Lakin sonradan sərhədçilər arasında yenidən atışma baş verib.
Qırğızıstan tərəfi qeyd edir ki, Tacikistan minaatanlardan və qumbaraatanlardan istifadə edib, elektrik xətlərinə və sərhəd məntəqələrinə atəş açıb, habelə Qırğızıstanın atəşkəs tələblərinə məhəl qoymayıb.
Tacikistan sərhəd xidməti onların tərəfindən açılan atəşin cavab xarakterli olduğunu bildirib. Xidmətin məlumatına görə, gərginlik İsfana-Oş avtomobil yolunun Somonien kəndində qırğızların tacik avtomobillərinə daş atmasından sonra yanaşıb və Qırğızıstan sərhəd xidməti atəşə başlayıb. Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi respublikanın hava məkanında Qırğızıstana məxsus pilotsuz uçuş aparatı aşkarladığını və qırğızların minaatanlardan istifadə etdiyini iddia edib.
Dünən saat 23:50-də “sükut rejimi” elan edilib. Bu vaxt Qırğızıstan və Tacikistan nümayəndələri arasında danışıqlar keçirilməsi planlaşdırılırdı. Ancaq “sükut” cəmi 10 dəqiqə davam etdi. Qırğızıstanın sərhəd xidmətinin məlumatına görə, danışıqlar Tacikistan tərəfinin atəşkəs razılaşmalarını pozması səbəbindən dayandırılıb.
İki ölkənin sərhədinə təhlükəsizlik qüvvələri cəlb edilib, sərhədyanı kəndlərin sakinləri təxliyə edilib. Gecə saatlarında Qırğızıstan və Tacikistan nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəlinib.
Toqquşma nəticəsində Qırğızıstan tərəfdən 11 nəfər yaralanıb. Tacikistan 13 nəfərin yaralandığını, 2 nəfərin həlak olduğunu açıqlayıb.
KTMT tərəfləri dərhal atəşkəsə çağırıb və toqquşmanın sülh yolu ilə həlli üçün yardım göstərməyə hazır olduğunu bəyan edib.
Xatırladaq ki, bu yaxınlarda həm Qırğızıstan, həm də Tacikistan KTMT çərçivəsində Qazaxıstanda sülhməramlı missiyada birgə iştirak ediblər.
“Sərhəddə yaralıların olması ilə nəticələnən toqquşmaların yenidən başlaması ciddi narahatlıq yaradır. Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə yalnız sülh yolu ilə həll edilməlidir. Bunun üçün KTMT Qırğızıstan və Tacikistana münaqişənin həllində lazımi yardım göstərməyə hazırdır”, – deyə KTMT-nin Baş katibi Stanislav Zas dünənki insident barədə danışıb.
Xatırladaq ki, 2021-ci il aprelin 29-da Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşmalar ağır silahların tətbiqi ilə qızğın döyüşlərə çevrilib. Qarşıdurmaya səbəb əkin sahələrinin suvarılması üçün suyun paylanması olub. Qırğızıstan və Tacikistan arasında sərhədin mübahisəli hissələrində atışmalar tez-tez qeydə alınır. Ancaq bu toqquşmada Qırğızıstan tərəfdən 36 nəfər həlak olub, 200-ə yaxın şəxs yaralanıb. Tacikistan tərəfdən isə 19 nəfər həyatını itirib.
Tərəflər arasında ötən il yaşanan şiddətli toqquşmadan bir neçə ay sonra Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rəhmon və Sadır Japarov görüşüb, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı razılığa gəliblər. Daha sonra Qırğızıstan və Tacikistanın təhlükəsizlik qüvvələri mübahisəli ərazilərdən qoşunların simmetrik şəkildə çıxarılması və mediaya yalnız bir-biri ilə razılaşdırılmış məlumatların verilməsi barədə razılaşıblar.
Mərkəzi Asiyadakı siyasi proseslərdə önəmli rol oynayan Rusiya hər iki dövlətlə yaxın əlaqələrə malikdir. Ötən il tərəflər Rusiyanın vasitəçiyi ilə razılığa gələ biliblər.
Ancaq görünür ki, sərhədlərin delimitasiya və demarkasiyasının gecikməsi tərəflər arasında toqquşmalara gətirib çıxarır. Şübhə yox ki, delimitasiya və demarkasiyasının həyata keçirilməməsi gələcəkdə də toqquşmalara gətirib çıxaracaq. Onu da bildirək ki, “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra Mərkəzi Asiyada terror təhlükəsi artıb. Sərhəd toqquşmalarının baş verməsi terrorçuların bu ölkələrə daxil olması üçün şərait yarada bilər.
Gununsesi.info