Lənkəranda vəkillərin iştirakı ilə müşavirə keçirilib – FOTOLAR

  • By admin
  • 09 Aprel 2018 15:15

Ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi və müasirləşdirilməsi sahəsində aparılan islahatlar çərçivəsində Vəkillər Kollegiyasının sədrinin başçılığı ilə nümayəndə heyəti aprelin 7-də cənub zonasına səfər edib.

Gununsesi.info məlumatına görə, səfər çərçivəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərliyilə region vəkilləri ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Lənkəran şəhərində yerləşən abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub, dahi dövlət xadiminin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Lənkəran Şəhər Məhkəməsinin inzibati binasında region vəkillərinin iştirakı ilə geniştərkibli müşavirə keçirilib, tədbir zamanı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı, Sərəncamın Azərbaycanda vəkillik institutu üçün önəmi, bununla bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına məlumat verilib.

İşgüzar şəraitdə keçirilən müşavirədə Vəkillər Kollegiyasının rəhbərliyi regionda fəaliyyət göstərən vəkillərin problemləri ilə maraqlanmış, fəaliyyətləri zamanı qarşılaşılan çətinliklərin müzakirəsi, onların həlli yolları barədə fikir mübadiləsi aparılmışdır. Tədbirdə çıxış edən vəkillər Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamını və Sərəncam çərçivəsində görülən işləri çox yüksək qiymətləndirmiş, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi məqsədilə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli formada həyata keçirilməsinin vacibliyini, habelə vəkillərin peşə etikası məsələlərinə bundan sonra xüsusi həssaslıqla yanaşılacağını qeyd ediblər.

Səfər çərçivəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, müavini Pərviz Ələkbərov və Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev Masallı, Lənkəran və Cəlilabadda fəaliyyət göstərən vəkil qurumlarına səfər etməklə onların işi ilə tanış olublar.

Hüquq məsləhətxanalarının maddi-texniki vəziyyəti ilə tanışlıqdan sonra vəkil qurumlarının maddi-texniki təminatının yaxşılaşdırılması məsələsinə toxunulmuş, bununla bağlı müəyyən tapşırıqlar verilmiş, 22 fevral tarixli Sərəncamın bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyi, vəkil qurumlarının fəaliyyət göstərdikləri binaların vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmət göstərilməsi üçün əlverişli vəziyyətə gətirilməsi, qurumların elektron avadanlıqlarla təchiz edilməsi və digər məsələlər qeyd edilib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən yaxın vaxtlarda oxşar səfərlərin digər bölgələrə də ediləcəyi gözlənilir.