“Xameneinin dəfninin gecikməsi İslam qaydaları ilə uyğun deyil” -ŞƏRH

İranın “Tasnim” xəbər qurumunun yaydığı məlumata görə, Əli Xameneinin dəfn mərasimi iyunun 25-dən sonra keçiriləcək.

Bundan əvvəl İran hakimiyyəti üç günlük vida mərasimi təşkil etməyi planlaşdırdığını açıqlasa da, mərasimin tarixləri bir neçə dəfə təxirə salınıb.

Bəs İslam dinində dəfnin bu qədər gecikdirilməsi doğru hesab olunurmu?

Gununsesi.info  -ya danışan ilayyatçı Tural İrfan qeyd edib ki, İranın ali rəhbərinin üç aya yaxın, bəlkə də daha çox müddətdə dəfninin gecikdirilməsinə, bu, onların özlərinə məxsus dövlət ideologiyasına və formalaşdırdıqları dini-siyasi ideoloji baxışlara əsaslanır:

“Yəni bu məsələnin İslamla əlaqəsi yoxdur. Mövcud İran rejiminin dini-ideoloji xətti qədim Sasani fars şüubiyyə ideologiyasına əsaslanır və keçmiş Sasani şahlarının davamı kimi təqdim olunur. Bu nostalji əsasında formalaşmış ideoloji cərəyandır. Hesab edirlər ki, onların dini lideri 12 imamın davamçısıdır və bu silsilə həmin şəkildə davam edir, onun varisidir.

Bu baxımdan Xameneinin dəfn mərasimini və cənazə namazını onun varisi, yəni oğlu həyata keçirməlidir. Hazırda müharibə davam etdiyinə, atəşkəs olmadığına və müxtəlif ehtimalların mövcudluğuna görə, onun varisinin açıq şəkildə ortaya çıxaraq təntənəli formada cənazə namazı qılması hələlik mümkün deyil. Dəfnin gecikdirilməsi də bununla izah olunur.

Ola bilsin ki, yaxın günlərdə Amerika ilə İran arasında müəyyən anlaşma əldə olunsun. Bu baş verərsə, açıq şəkildə və ya mümkün olmazsa qapalı məkanda bir mərasim keçiriləcək, onun varisi cənazə namazını qılacaq və dəfn həyata keçiriləcək. Yəni bu, onların qəbul etdiyi prinsiplərlə bağlıdır.

Lakin vurğulamaq lazımdır ki, dəfnin bu qədər gecikdirilməsi İslam ənənələrinə və Həzrət Peyğəmbərin buyruqlarına tamamilə zidd hesab olunur. Yəni bu, İslam deyil.

Şübhəsiz ki, bu gün İranda mövcud olan rejim məzhəbçilik nostaljisi və yaxud qeyd etdiyim fars-sasani şüubiyyə ideologiyası əsasında formalaşdırılmış bir model ortaya qoyub və bunu İslam adlandırır. Ancaq bunun İslamla heç bir əlaqəsi yoxdur, bu, onların özlərinə məxsus dini ideologiyasıdır.

Məhz buna əsasən də öz daxili qaydalarına və qəbul etdikləri prinsiplərə uyğun olaraq ölünü uzun müddət saxlaya, dəfni müxtəlif səbəblərlə ləngidə bilirlər. Amma bu, İslam baxımından uyğun hesab olunmayan bir məsələdir”.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

Şəbnəm Rəhimova

Gununsesi.info