
Lüks avtomobil markası “Lamborghini” 5500 dollara xüsusi uşaq arabası istehsal edib. İtalyan markası avtomobilin xüsusiyyətlərini sadalasa da, onun qiyməti çox böyük reaksiyaya səbəb olub.
Gununsesi.info sozcu.com.tr -yə istinadən xəbər verir ki, İtalyan nəhəngi bu həftənin əvvəlində yüksək keyfiyyətli uşaq arabaları və beşiklər istehsalçısı Silver Cross ilə əməkdaşlıqda Reef AL Arancio adlı uşaq arabası modelini satışa çıxardığını elan edib.
“Lamborghini” bu məhsulu “super uşaq arabalarının yeni erası” kimi xarakterizə edib, valideynlər isə qiymətə görə “inanılmaz israfçılıq” adlandıraraq reaksiya veriblər.
“Lamborghini”nin rəsmi saytında “Unikal dizayn, yüksək performanslı parçalar və “Lamborghini”nin simvolik detalları ilə super uşaq arabası yaradıldı” sözləri yer alıb.
Bildirilib ki, uşaq arabası “Lamborghini”nin idman cizgilərini əks etdirir və avtomobil üslubunda oturacaq və origami tipli saxlama səbətini ehtiva edir.
Yüksək performanslı zamşa, italyan dəri detalları, parlaq polikarbonat şassisi və havalandırılan xüsusiyyətlərlə təchiz olunduğu da vurğulanıb.
Ancaq bu dəbdəbəli uşaq arabası valideynlər tərəfindən müsbət qarşılanmayıb. Sosial mediada reaksiyalar uçqun kimi böyüyüb:
“Bundan böyük pul itkisi ağlıma gəlmir”, “İstehlak çılğınlığı insanları əsir götürüb”, “Bu qiymətə layiqdirsə, öz-özünə getməli, musiqi çalmalı, qızdırmalı, eyni zamanda yelçəkən olmalıdır. Körpəni sakitləşdirmək üçün də silkələnməlidir”, “Yanında mini soyuducu da olmalıdır” tipli şərhlər yazılıb.
Modelin dünya üzrə cəmi 500 ədədinin istehsal olunduğu açıqlanıb.
Günel Həsənova