Lavrov Bakı-İrəvan danışıqları haqda: “Biz daha sürətli temp görmək istərdik”

  • By admin
  • 09 İyun 2022 14:04

Rusiya İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına hər cür töhfə verir.

Gununsesi.info xəbər verir ki, bunu cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

“Bizim liderlərimiz münaqişəyə son qoymaq, region ölkələri arasında münasibətləri, o cümlədən Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq üçün praktiki məsələlərin həlli məqsədilə üç dəfə görüşüblər”, – Lavrov bildirib.

Onun sözlərinə görə, prosesin irəli getdiyi barədə ümumi anlayış var. “Ola bilsin ki, biz daha sürətli temp görmək istərdik, amma bu, davam edir və müsbət aralıq nəticələr əldə edilir”, – Rusiya diplomatiyasının rəhbəri əlavə edib.

Eyni zamanda rusiyalı nazirin qeyd etdiyi kimi, yekun razılaşmaların əldə olunacağına şübhə yoxdur. Moskva buna hər cür şərait yaratmağa çalışır.

“Əlbəttə, tərəflərin öz spesifik baxışı var ki, bu da heç də həmişə üst-üstə düşmür. Xüsusilə də qarşıdakı mərhələdə necə işləyəcəyimizlə bağlı. Amma bizim bütün tərəfdaşlarımız və bizim özümüz eyni anlayışa malikik: ən yüksək səviyyədə üç bəyanat var – bu, bizim hamımızın rəhbər tutmalı olduğumuz aydın yol xəritəsidir”, – Rusiya XİN rəhbəri vurğulayıb.

Gununsesi.info